DÜNYA


Yaponiyada antiseptiklərin və digər dezinfeksiyaedici vasitələrin təkrar satışı qadağan edilib

Tokio, 26 may, AZƏRTAC

Yaponiya hökuməti bütün ölkə ərazisində fövqəladə vəziyyət rejimi aradan qaldırıldıqdan sonra artan tələbat fonunda antiseptiklərin və digər dezinfeksiyaedici vasitələrin təkrar satışına qadağa tətbiq edib.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bununla bağlı qərar mayın 26-da qüvvəyə minib.

Qeyd edilir ki, həmin qadağa etanol, tərkibində spirt olan spreylər, gellər, həmçinin 60 faiz spirtli salfetlər üçün tətbiq olunacaq. Bu qaydanın pozulmasına və həmin vasitələrin yuxarı qiymətlə həm adi qaydada, həm də internet üzərindən təklif olunmasına görə həbs edilmə və ya 1 milyon yen (9,5 min dollar) məbləğində cəza nəzərdə tutulur. Qeyd edək ki, Yaponiyada eyni qadağa martın 15-dən tibbi maskalar üçün tətbiq edilib.

Xatırladaq ki, son məlumatlara görə, Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 17 min 300 nəfəri ötüb. Onlardan 14 mindən çoxunun sağaldığı, 860 nəfərin isə öldüyü bildirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.