DÜNYA


Yaponiyada dövlətin əsasının qoyulduğu gün qeyd olunur

Tokio, 11 fevral, AZƏRTAC 

Fevralın 11-də Yaponiyada milli bayram - dövlətin əsasının qoyulduğu gün qeyd olunur.

AZƏRTAC xəbər verir ki, “Milli bayramlar haqqında” Qanunda həmin günün devizi “Dövlətin əsasının qoyulduğu günü unutmayın, vətəni sevən ürək tərbiyə edin” kimi müəyyən edilib.

Hər il ənənəvi şəkildə qeyd edilən bu gün Yaponiyada ümummilli bayram və istirahət günü hesab edilir. Nara dövründən (710-794-cü illər) başlanan “Yaponiya tarixi” salnaməsinə görə, dövlətin əsasının qoyulduğu gün birinci İmperator Cimmunun taxta çıxdığı gün hesab edilir. Qriqorian təqviminə görə, həmin gün eramızdan əvvəl 660-cı il fevralın 1-i tarixinə düşür. İmperator Cimmunun mövcudluğu təsdiq edilmiş tarixi fakt olmasa da, bu hadisə həm Yaponiyanın özündə, həm də xaricdə hakimiyyətin İmperatorun əlində toplandığı qanuni hakimiyyətin formalaşdığını qeyd etmək üçün seçilib. Beləliklə, Yaponiyanın ilk İmperatorunun hakimiyyət illəri eramızdan əvvəl 660-585-ci illəri əhatə edir və bundan sonra ölkə hökmdarlarının uzun siyahısı başlanır.

Yaponiyada dövlətin əsasının qoyulduğu gün milli bayramlar siyahısına 1966-cı ildə daxil edilib və 1967-ci ildən başlanaraq qeyd olunur. Ölkənin siyasi dairələrində bu bayrama münasibət heç də birmənalı deyil. Həmin bayramın tərəfdarları və əleyhdarları toplaşaraq hələ də cəmiyyəti narahat edən bu mövzunu müzakirə edirlər. Bu debatlara baxmayaraq, dövlətin əsasının qoyulduğu gün Yaponiya təqvimində rəsmi bayram hesab olunaraq təntənəli şəkildə qeyd edilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.