DÜNYA
Yaponiyada siyasətdə gender bərabərliyi barədə qanun qəbul edilib
Tokio, 16 may, AZƏRTAC
Yaponiyada qadınların siyasətdə fəallığını təmin etmək məqsədilə yeni qanun qəbul edilib.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, yeni qanun ümumi və yerli seçkilərdə iştirak edən namizədlər arasında gender bərabərliyinin təmin edilməsinə xidmət edəcək. Qanun layihəsi mayın 16-da parlamentin yuxarı palatasının plenar sessiyasında yekdilliklə qəbul edilib.
Sənəddə qeyd edilir ki, namizədlər arasında kişi və qadınların sayı imkan daxilində bərabər olmalıdır və bu zaman bitərəflərin və siyasi partiyalardan olan namizədlərin hərəkət azadlığı təmin edilməlidir.
Əlavə olaraq bildirilir ki, namizədləri irəli sürən siyasi partiyalar və qruplaşmalar bu istiqamətdə öz məqsədlərini müəyyənləşdirməli və lazım olan bütün addımları atmalıdırlar.
Yeni qanunun parlamentin aşağı palatası tərəfindən də yekdilliklə təsdiq edildiyi qeyd olunur.
Qanun elan edildiyi gündən qüvvəyə minir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio