DÜNYA
Yaponiyada yeni İmperatorun hakimiyyət dövrünün adlandırılmasına hazırlıq işləri davam edir
Tokio, 14 mart, AZƏRTAC
Yaponiyada yeni İmperatorun mayın 1-də başlanacaq hakimiyyət dövrünün adlandırılması ilə bağlı hazırlıq işləri davam edir.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, bu barədə ölkənin nazirləri və özəl biznes assosiasiyaları rəhbərlərinin iştirakı ilə martın 14-də keçirilən toplantı zamanı məlumat verilib.
Qeyd edilir ki, Yaponiyada tarixin hesablanması həm ümumilikdə qəbul edilmiş təqvim, həm də İmperatorun hakimiyyət illəri üzrə aparılır. Ona görə də hazırda Yaponiya, həm 2019-cu il, həm də İmperator Akihitonun hakimiyyətinin adını daşıyan Heysey dövrünün 31-ci ilini yaşayır. İmperator Akihitonun şəxsi arzusu ilə o, aprelin 30-da taxtı tərk edəcək, onun yerinə isə vəliəhd-şahzadə Naruhito taxta çıxacaq.
Yeni İmperatorun hakimiyyət dövrünün adı hökumətin, tanınmış filoloqların və hüquqşünasların, tarix mütəxəssislərinin daxil olduğu xüsusi dövlət komissiyası tərəfindən artıq müəyyən edilsə də, gizli saxlanılır.
Yeni dövrün adının aprelin 1-də elan ediləcəyi gözlənilir.
Toplantıda elan edilib ki, bütün dövlət orqanları bu əməliyyata tamamilə hazırdırlar. Onun vergi, sosial təminat, polis və digər xidmətlərdə mövcud olan 576 informasiya sistemində aparılacağı bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio