İQTİSADİYYAT
Yaponiyanın “Tepsco” şirkətinin işğaldan edilmiş ərazilərdə fəaliyyətə başlaması yüksək qiymətləndirilib
Tokio, 7 may, AZƏRTAC
Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə “Tepsco” şirkətinin direktoru, Beynəlxalq Biznesin İnkişafı və Təşviqi İdarəsinin Baş meneceri Hideo Kocima və şirkətin nümayəndələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Prezident İlham Əliyevin ölkəmizin işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı Sərəncamında qarşıya qoyduğu vəzifələrin icrası məqsədilə Energetika Nazirliyi ilə “Tepsco” şirkəti arasında əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. “Tepsco” şirkətinin nümayəndəsi H.Kocima ilk növbədə Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi münasibətilə təbriklərini çatdırıb, həmin ərazilərdə təmsil etdiyi şirkətin əməkdaşlığa hazır olduğunu, bu sahədə artıq Azərbaycan Energetika Nazirliyi ilə danışıqlar aparıldığını bildirib. Qeyd edib ki, mayın 6-da Energetika Nairliyi və “Tepsco” şirkəti arasında onlayn formatda əməkdaşlıq ilə bağlı müqavilə imzalanıb.
Qələbə münasibətilə təbrikə görə minnətdarlığını bildirən G.İsmayılzadə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, sarsıdılmaz iradəsi və Milli Ordumuzun əsgərlərinin igidliyi sahəsində Azərbaycanın Vətən müharibəsində böyük Qələbə qazandığını və işğalda olan əraziləri azad etdiyini vurğulayıb. İşğaldan azad edilmiş ərazilərində “Tepsco” şirkətinin fəaliyyətə başlaması yüksək qiymətləndirilib.
Müqavilə barədə məlumat verən H.Kocima qeyd edib ki, sənədə əsasən, şirkətin işğaldan azad edilmiş ərazilərdə külək, günəş, hidro, geotermal və bioenerji kimi bərpaolunan enerji potensialından səmərəli istifadə, enerji səmərəliliyi texnologiyaları, müasir enerji idarəetmə yanaşmaları əsasında regionun enerji təminatını həyata keçirmək məqsədilə “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və Baş planın hazırlanması nəzərdə tutulur.
Səfir verilən məlumat, o cümlədən əməkdaşlıq üçün təşəkkürünü bildirib, şirkətin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparacağı fəaliyyətin Azərbaycan-Yaponiya münasibətlərinə xüsusi töhfə verəcəyini vurğulayıb.
Görüş zamanı layihə ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 1960-cı ildə təsis olunmuş “Tepsco” şirkəti dünyanın bir çox ölkələrində, Vyetnam, Malayziya, İndoneziya, Braziliya və Tailandda layihələr həyata keçirib. Şirkət Azərbaycanda “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının tikintisi layihəsində məsləhətçi xidmətlərini göstərib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio