DÜNYA
Yaponiyanın müxalifət liderləri terrora qarşı qəbul edilən yeni qanunu tənqid ediblər
Tokio, 15 iyun, AZƏRTAC
Yaponiyanın müxalif partiyalarının liderləri terrora qarşı qəbul edilən, lakin vətəndaş hüquqlarını məhdudlaşdıran yeni qanun layihəsinin qəbuluna kəskin etirazlarını bildiriblər.
NHK telekanalının yaydığı məlumata görə, Yaponiya Demokratik Partiyasının sədri xanım Renho qanunun qəbulu prosesinin “güc yolu ilə” həyata keçirildiyini deyib. Onun sözlərinə görə, LDP, Komey və Yaponiyanın Dirçəlişi partiyalarından olan deputatların sağlam düşüncə əvəzinə, yuxarı palatadakı üstünlükdən istifadə etmələrini o, heç cür anlaya bilmir.
Renho bəyan edib ki, qanunların “güc yolu ilə” qəbulu Ş.Abe kabineti üçün adi qaydaya çevrilib. Nazirlər Kabinetinin parlamentin yuxarı palatasında müxalifətin mövqeyini nəzərə almaması onu tamamilə özündən çıxarıb.
Yaponiya Kommunist Partiyasının sədri Kacuo Şii də hakim blok tərəfindən qanun layihəsinin qəbulu zamanı qadağan edilmiş taktikadan istifadə edilməsinə kəskin etirazını bildirib. O bəyan edib ki, hakim blok düşüncəsiz hərəkət edib. Yeni qanunun Konstitusiyanı ciddi şəkildə pozduğunu bildirən K.Şii onun ləğvi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio