CƏMİYYƏT


“Yaşıl ASAN” könüllüləri bütün gəncləri 650 min ağacın əkilməsi təşəbbüsünə qoşulmağa çağırır

Bakı, 22 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə noyabr ayında bir gündə 650 min ağac əkilməsi təşəbbüsü hər yerdə böyük rəğbətlə qarşılanır. Xüsusilə gənclər ekologiyanın sağlamlaşdırılması və qorunmasına yönələn bu təşəbbüsün önündə gedirlər. Onlar ölkəmizin yaşıllıqlar diyarına çevrilməsi, ətraf mühitin sağlamlaşdırılması, ekoloji maariflənmə işinə öz töhfələrini vermək üçün bu nəcib təşəbbüsün böyük fayda verəcəyinə əmindirlər.

AZƏRTAC xəbər verir ki, “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən “Yaşıl ASAN” könüllüləri də həmin layihəni fəal şəkildə dəstəkləyir və onun həyata keçirilməsində yaxından iştirak edəcəklərini bildirirlər.

Səkinə Həsənova, “Yaşıl ASAN” proqramının rəhbəri: “İmadəddin Nəsiminin 650 illik ildönümünə həsr olunmuş ağacəkmə tədbirində “Yaşıl ASAN”ın könüllüləri böyük həvəs və ruh yüksəkliyi ilə iştirak edəcəklər. Ölkəmizdə ilk dəfədir ki, belə böyük miqyasda ağacəkmə həyata keçiriləcək. Respublikamızda ekoloji durumun yaxşılaşmasına, ətraf mühitin sağlamlaşmasına xidmət edən bu təşəbbüs həm də çox mühüm sağlamlıq tədbiridir. Bu gün əkilən ağaclar bir neçə ildən sonra böyüyüb qol-budaq ataraq böyük bir parkın, meşənin yaşıllığına çevriləcək, ətraf mühitin bol oksigenlə təmin olunmasına xidmət edəcək”.

Aydan Quliyeva, “Yaşıl ASAN”ın koordinatoru: “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə dahi Azərbaycan şairi İmaməddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş genişmiqyaslı ağacəkmə təşəbbüsünün həyata keçiriləcəyi günü səbirsizliklə gözləyirik. ASAN Könüllülük Məktəbinin “Yaşıl ASAN” proqramının Bakı və region “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən könüllüləri bir gün ərzində həyata keçiriləcək ağacəkmə tədbirində fəal surətdə iştirak edəcək. Biz ağaclara qulluq edilməsi və onların böyüməsini də diqqətlə saxlayacağıq. Çünki əkilən hər ağac sağlam gələcək, sağlam ətraf mühit deməkdir. Bu gözəl təşəbbüsə qoşulmaqla həm böyük şairin ruhuna öz ehtiramınızı bildirəcək, həm də ekologiyanın qorunması işinə layiqli töhfə verəcəyik”.

Əli Əkbər Əfəndiyev, “Yaşıl ASAN”ın koordinatoru: Bu bir həqiqətdir ki, yaşıllığın çox olması ekoloji mühitin də sağlam olması deməkdir, çünki biz məhz həmin hava ilə nəfəs alır və həmin mühitdə yaşayırıq. Xalqımızın böyük şairi İmadəddin Nəsiminin 650 illik ildönümünə həsr olunmuş bir gündə 650 min ağacın əkilməsi ölkəmiz üçün yeni bir atmosfer, nəhəng bir yaşıl zolaq deməkdir. Biz noyabr ayında keçiriləcək bu nəcib təşəbbüsə qoşularaq Azərbaycanın yaşıllıqlar diyarına, gülüstana çevrilməsi işində yaxından iştirak edərək ölkəmizi abad, başdan-başa yaşıllıqlara bürünmüş bir məkana çevirəcəyik.

Tamerlan Əhmədov, “Yaşıl ASAN” təşəbbüsünün müvəkkili: “Bir gündə 650 min ağac əkilməsi təşəbbüsünü müsbət qiymətləndirir və dəstəkləyirik. Yaşıllıq həyat - sağlam sabah, inkişaf etmiş gələcək deməkdir. Ona görə də “Ətraf mühiti qoruyaq” şüarını sözdə deyil, işdə nümayiş etdirmək üçün bu təşəbbüsə qoşulmaq yaxşı fürsətdir. Özümüz bu təşəbbüsdə fəal iştirak etməklə yanaşı, ölkəmizin bütün gənclərini və həmyaşıdlarımızı bu nəcib işə qoşulmağa çağırır, ətraf mühitin qorunmasında yaxından iştiraka dəvət edirik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.