REGİONLAR
“Yaşıl Patrul”un məqsədi heyvanların və yaşıllıqların qorunmasıdır
Ağsu, 6 noyabr, AZƏRTAC
“Alyans” Canlı Aləmin Mühafizəsi İctimai Birliyi noyabrın 6-da Ağsuda “Yaşıl Patrul” Ekoloji İctimai Nəzarətin yaradılması və qərargahlarının təşkili” ümumrespublika marafonu layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirib. Tədbirdə təhsil, səhiyyə, mədəniyyət işçiləri, gənclər, ictimaiyyət nümayəndələri, əlaqədar qurumların təmsilçiləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil olunan maarifləndirici tədbirdə “Alyans” Canlı Aləmin Mühafizəsi İctimai Birliyinin sədri Mənsurə Rəsulzadə, ictimai birliyin maarifləndirmə və mədəniyyət üzrə rəhbəri Svetlana Əlyarova çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il 4-cü qrant müsabiqəsinin qalibi olan layihənin məqsəd və məramları barədə danışıblar. Çıxışlarda “Yaşıl Patrul” Ekoloji İctimai Nəzarətin əsas planlarından danışan natiqlər, layihənin biomüxtəlifliyin təbii və antopogen (insan) amillərin təsiri nəticəsində yaranan təhlükələrdən qorunması, bu sahədə qarşılıqlı əməkdaşlıq, hüquqi mühafizəni təmin edən əsasların müəyyənləşdirilməsi kimi məqsədlər olduğu diqqətə çatdırılıb.
Tədbirdə “Bağışlanmaz səhv” qısametrajlı kinofilm, “Heyvanlar bizə nə demək istəyir?” sosial sənədli film nümayiş etdirilib, ekoloji mövzuda mahnılar ifa olunub.
Sonra iştirakçılara flayer və bukletlər paylanıb, ekoloji sorğu keçirilib, suallar cavablandırılıb.
Sonda bir qrup iştirakçıya “Yaşıl Patrul” mühafizə mələyi” sertifikatı verilib.