REGİONLAR
Yaxın günlərdə Saatlıda kütləvi taxıl səpininə start veriləcək
Saatlı, 12 oktyabr, Mahir Babayev, AZƏRTAC
Saatlıda payızlıq taxıl əkininə başlanılıb. İlk olaraq sahələrdə arpa səpini aparılır.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, əkinçilər cari ildə biçin apardıqları arpa sahələrindən 11 min 991 ton, buğda zəmilərindən isə 79 min 643 ton məhsul yığıblar. Fermerlər sahələrdən, ümumilikdə, 91 min 635 ton taxıl götürərək hər hektarın məhsuldarlığını 41 sentnerə çatdırıblar.
Qazanılmış uğurları növbəti təsərrüfat ilində daha da artırmaq üçün rayonda səpin kampaniyasına ciddi hazırlıq işləri görülüb. Bu məqsədlə 18 min 240 hektar sahədə keyfiyyətli şum aparılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 min 920 hektar çoxdur. Əkinçilər sahələrdən bol məhsul götürmək üçün səpin aparılacaq sahələrə üzvi və mineral gübrə veriblər. Fermerlər yüksək reproduksiyalı məhsuldar toxum sortları ilə təmin edilib. Rayonda səpin kampaniyasını optimal müddətdə başa çatdırmaq üçün lazım olan müxtəlif maşın-mexanizm, səpin aqreqatları fermerlərin ixtiyarına verilib.
Bir neçə gündür ki, fermerlər arpa səpininə başlayıblar. Qısa müddətdə 757 hektar sahədə arpa səpini aparılıb. Yaxın günlərdə rayonda kütləvi taxıl səpininə start veriləcək.