CƏMİYYƏT
Yaxın illərdə beş ailə mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub VİDEO
Bakı, 10 may, AZƏRTAC
Uşaq hüquqlarının təmin olunması, müdafiəsi, çətin həyat şəraitində olan uşaqların vəziyyətinin yaxşılaşdırılması istiqamətində əlaqələndirilmiş fəaliyyət həyata keçirilir. Dövlət Komitəsi BMT yanında 8 komitənin ikisində uşaq hüquqları üzrə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə komitəsində dövri hesabatlarla çıxış edir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova söyləyib.
"Ötən il biz hər iki komitədə bununla bağlı hesabatları təqdim etmişik. Müvafiq tövsiyələrimiz var. Hazırda həm uşaq hüquqları, həm də ayrı-seçkiliklə mübarizəyə dair komitənin bizim qarşımıza qoyduğu tövsiyələri əlaqələndirilmiş şəkildə həyata keçirməyə çalışırıq. Həmin tövsiyələrdə nəzərdə tutulan məsələlərdən biri də sığınacaqların açılması ilə bağlı məsələdir. Hökumətin müvafiq orqanları bu istiqamətdə iş aparır, dövlət proqramları var. Həmin proqramlar çərçivəsində regionları əhatə etməklə belə mərkəzlərin açılması nəzərdə tutulub", - deyə B.Muradova qeyd edib.
Komitənin ötən il Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ikisi işğaldan azad edilmiş, üçü isə digər regionlarda olmaqla, beş ailə mərkəzinin açılması və tikintisi prosesi ilə məşğul olduğunu bildirən Bahar Muradova deyib: "Yaxın illərdə beş mərkəzin istifadəyə verilməsi nəzərdə tutulur".