İQTİSADİYYAT
Yaxın vaxtlarda fəaliyyətə başlayacaq iki marşrut xətti boyunca 15 yeni dayanacaq məntəqəsi quraşdırılır
Bakı, 16 iyul, Elvin Camalov, AZƏRTAC
Yaxın vaxtlarda fəaliyyətə başlayacaq 7A (Bakı Beynəlxalq Avtovağzal Kompleksi-“Əhmədli” metro stansiyası) və 7B (Yeni Yasamal Məhəmməd Xiyabani küçəsi-“Əhmədli” metro stansiyası) marşrut xətləri boyunca sərnişinlərin rahatlığı üçün zəruri infrastrukturun yaradılması işləri davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, bu çərçivədə sərnişinlərin “BakıKart” əldə etməsi, eyni zamanda balansı artırmaq üçün 8 dayanacaq məntəqəsində ödəmə terminalları qoyulub. Marşrut xətləri boyunca 15 yeni dayanacaq məntəqəsi də müəyyən edilib ki, hazırda onların müvafiq qaydada nişanlanması işləri aparılır.
Xatırladaq ki, 20 və 94 nömrəli müntəzəm marşrut xətləri müsabiqə yolu ilə birləşdirilib, sərnişindaşıma işinin təşkili “BakuBus” MMC-yə həvalə edilib. Yaxın vaxtlarda qeyd edilən marşrut xətlərinin fəaliyyəti 7A və 7B olmaqla müasir və komfortlu avtobuslarla təşkil ediləcək.