REGİONLAR
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
Balakən, 24 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanın şimal-qərb sərhədində yerləşən Balakən rayonu əsrarəngiz təbiəti, zəngin faunası və qədim tarixi abidələri ilə turistlər üçün cəlbedici məkana çevrilməkdədir. Müasir tələblərə cavab verən turizm infrastrukturunun yaradılması nəticəsində son illər rayona gələn turistlərin sayında xeyli artım müşahidə olunur. Belə ki, 2017-ci ilin yaz-yay mövsümündə rayona gələn turistlərin sayı 21 min 780 nəfər olmuşdusa, 2018-ci ilin ötən dövründə bu rəqəm 22 min 250 nəfərə çatıb. Gələnlərin 7 min 478 nəfərini xarici turistlər təşkil edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Regional Mədəniyyət İdarəsinin Balakən rayonu üzrə baş məsləhətçisi Şəfəq Hacıyeva məlumat verib.
Rayonda əsasən, idman və kənd yaşıl turizmi inkişaf etməkdədir. Bundan əlavə, turistlər dağ, atçılıq, balıqçılıq, ovçuluq və digər turizm növlərinə də maraq göstərirlər.
Balakən şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkı yerli sakinlərin və turistlərin ən çox üz tutduqları istirahət məkanlarındandır. Qonaqların mənalı istirahət etmələri üçün parkda hər cür şərait yaradılıb, yelləncəklər, attraksionlar quraşdırılıb. Burada uzunluğu 1200 metr olan kanat yolu da fəaliyyət göstərir.