CƏMİYYƏT


Yeni Azərbaycan Partiyasının təqaüdünü alan tələbə-gənclərlə görüş olub

Bakı, 17 sentyabr, AZƏRTAC

Sentyabrın 17-də Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov məktəblilər arasında ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Ən yaxşı təqdimat” inşa-yazı müsabiqəsinin qalibi olaraq ali məktəblərə qəbul olmuş və Yeni Azərbaycan Partiyasının təqaüdünü alan bir qrup tələbə ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Əli Əhmədov bu gün ölkədə təhsilin inkişafına əhəmiyyətli yer verilməsinin, bu sahədə genişmiqyaslı islahatların həyata keçirilməsinin Azərbaycanın uğurlu gələcəyinin təminatına xidmət göstərdiyini deyib. O, “Ən yaxşı təqdimat” müsabiqəsinin əhəmiyyətini qeyd edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün göstərdiyi misilsiz xidmətlərdən danışıb.

Yeni Azərbaycan Partiyasının müxtəlif layihələr həyata keçirdiyini deyən YAP sədrinin müavini vurğulayıb ki, ən əhəmiyyətli layihələrdən biri də məhz bu müsabiqədir. Müsabiqənin qalibi olan və ali məktəblərə qəbul olan tələbələrə partiya tərəfindən təqaüd verilir. Həmin tələbələrdən bir çoxu artıq ali təhsillərini başa vurublar, hazırda da xeyli sayda təqaüd alanlar var. Bu il isə həmin müsabiqənin qaliblərindən olan gənclərdən 40 nəfəri ali məktəblərə qəbul olduqları üçün YAP-ın təqaüdünü alacaqlar. Bundan sonra da hər il keçirilən müsabiqədə qalib gələn şagirdlər gələcəkdə ali məktəbə qəbul olarlarsa, onlar dördillik təhsil müddətində YAP-ın təqaüdünü alacaqlar.

Baş Nazirin müavini deyib ki, ölkədə gənclərin yaxşı təhsilə sahib olmaları üçün bütün imkanlar yaradılıb. Son illər Azərbaycanda təhsil sahəsində böyük islahatlar həyata keçirilir. Vurğulanıb ki, uğurlu siyasət nəticəsində ölkəmizi daha firavan gələcək gözləyir.

Tədbirdə çıxış edən gənclər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə təşəkkürlərini bildiriblər. Onlar öz bilik və bacarıqları ilə göstərilən etimadı doğruldacaqlarını, ölkəmizin inkişafına töhfə vermək üçün səylə çalışacaqlarını qeyd ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.