REGİONLAR
Yeni dərs ili cəbhə bölgəsində yüksək əhval-ruhiyyə ilə başlayıb
Ağdam, 15 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Yeni dərs ili cəbhə bölgəsindəki ümumtəhsil məktəblərində yüksək əhval-ruhiyyə ilə başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Bilik günü” münasibətilə Tərtər rayonunun ümumtəhsil məktəblərində rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə təntənəli mərasimlər keçirilib.
Mərasimlərdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov müəllim və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, məktəbə ilk dəfə qədəm qoyan birincilərə uğurlar diləyib, onların gələcəkdə dövlətimiz və cəmiyyətimiz üçün savadlı və layiqli vətəndaşlar kimi yetişmələrini arzu edib.
Bildirilib ki, ölkəmizdə təhsilə yüksək səviyyədə diqqət və qayğı göstərilir. Dövlət tərəfindən yeni məktəblər, uşaq evləri, liseylər tikilir, məktəblərin maddi-texniki bazası gücləndirilir. Bu qayğı nəticəsində təhsildə uğurlu nəticələr əldə olunur. Bu il Tərtər rayonunun ümumtəhsil məktəblərini bitirən məzunlardan 226 nəfəri ali, 108 nəfəri isə orta ixtisas təhsili məktəblərinə daxil olub. Tələbə adını qazanan gənclərdən 10 nəfəri 600-dən, 19 nəfəri 500-dən çox bal toplayıb.
Məlumat verilib ki, bu il rayonun ümumtəhsil məktəblərinə 930 nəfər birinci sinfə qəbul edilib. 672 nəfər isə XI sinifdə təhsil alacaq.
“Bilik günü”nə həsr olunmuş tədbirlərdə birincilər Vətənə, anaya, məktəbə, müəllimə həsr olunan şeirlər söyləyiblər. Çıxış edən müəllim və valideynlər şagirdlərin sevincinə qoşulub, onları təbrik edib, təhsildə uğurlar arzulayıblar.
Sonra çalınan zəng uşaqları sinif otaqlarına səsləyib. Əllərində gül-çiçək dəstələri tutmuş şagirdlər siniflərə daxil olublar.
X X X
15 sentyabr – “Bilik günü” münasibətilə Ağdam rayonunun ümumtəhsil məktəblərində də bayram tədbirləri keçirilib. Rayon icra hakimiyyətinin, təhsil şöbəsinin, ictimaiyyət nümayəndələrinin, yerli icra və bələdiyyə orqanlarının nümayəndələri, valideynlər mərasimlərdə iştirak ediblər.
Cəbhə xəttində yerləşən Qaradağlı kənd tam orta məktəbində keçirilən mərasimdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov çıxış edərək, müəllim və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb. Ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından, bu sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən və qazanılan uğurlardan danışılıb.
Müəllimlər və valideynlər təhsilə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda məktəblilərin ifasında ədəbi-bədi, musiqili kompozisiya nümayiş olunub.
Qeyd edək ki, 2018-2019-cu tədris ilində Ağdamda 135 ümumi təhsil məktəbi, o cümlədən 117 tam orta, 17 ümumi orta, 1 ibtidai və 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərəcək. Rayonun ümumtəhsil məktəbləri üzrə 1677 sinif koplektində 21 min 565 nəfər şagirdin təhsilə cəlb olunması planlaşdırılır ki, onlardan da 2285 nəfəri birinci siniflərə qəbul ediləcək.