İQTİSADİYYAT


Yeni nəsil rəqəmsal imza - “SİMA”nın ilk tərəfdaşı məlum oldu

Bakı, 11 aprel, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin yaratdığı bulud əsaslı yeni nəsil rəqəmsal imza – “SİMA”nın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir. “PAŞA Bank”ın sisteminə isə inteqrasiya işləri artıq yekunlaşıb və bununla da bank “SİMA” üzrə ilk tərəfdaş olub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tərəfdaşlığa əsasən, “PAŞA Bank”ın əməkhaqqı kartı sahibləri nağd pul kreditləri ilə bağlı sorğularını bankın yeni mobil tətbiqi üzərindən göndərə, müvafiq sənədləri də yeni nəsil rəqəmsal imza – “SİMA” vasitəsilə təsdiqləyərək rahat şəkildə kredit əldə edə biləcəklər. Beləliklə, müştəri banka gəlmədən, zaman itkisinə yol vermədən müraciəti üzrə ayrılan kredit vəsaiti birbaşa onun istifadəsində olan əməkhaqqı kartına köçürüləcək.

“SİMA” vasitəsilə gələcəkdə bankın digər məhsullarından da istifadə mümkün olacaq.

Yeni imza vasitəsilə bank xidmətləri ilə yanaşı, digər sahələr üzrə də elektron xidmətlərdən yararlanmaq mümkündür. Bunlara rəqəmsal dövlət, bank olmayan kredit təşkilatları (BOKT), sığorta, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər, bir sözlə imza tətbiq olunan bütün sahələr daxildir.

Qeyd edək ki, “SİMA”nın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstün cəhətləri var. Maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması isə hər iki seqment üzrə xüsusi üstünlüklər yaradır. Bundan əlavə, “SİMA”nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.

Mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün “SİMA” tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.

“SİMA” – rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı şirkətin rəsmi saytından və “157” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.