ELM VƏ TƏHSİL


Yeni nəşr: “Azərbaycanın buğda genofondu”

Bakı, 28 noyabr, AZƏRTAC

Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları – biologiya üzrə fəlsəfə doktorları - dosent Xanbala Rüstəmov, dosent Mehrac Abbasov və Sevda Babayevanın həmmüəllifliyi ilə “Azərbaycanın buğda genofondu” adlı monoqrafiya nəşr edilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, monoqrafiyada Triticum L. cinsinin botaniki təsviri, müasir təsnifatı, buğdaların ontogenezi, genofondu, yayılma arealları, növ tərkibi, ekotipləri və genetik müxtəliflikləri haqqında elmi məlumatlar öz əksini tapıb. Azərbaycanda yayılmış buğdaların növ, növaltı, növmüxtəlifliyi, qrupları və yarımqruplarının təyinatında Azərbaycan dilində ilk dəfə olaraq Ümumrusiya Bitkilərin Genetik Ehtiyatları İnstitutunda tərtib edilmiş dixotomik açarlardan istifadə edilib.

Elmi əsərdə Azərbaycanda buğdaların seleksiyasının qısa inkişaf tarixi, müasir vəziyyəti və perspektivləri işıqlandırılıb. Monoqrafiya universitetlərin biologiya və aqrar elmləri ixtisasları üzrə bakalavr, magistr, doktorant və dissertantlar, elmi işçilər və kənd təsərrüfatı mütəxəssisləri üçün nəzərdə tutulur. Biologiya və aqrar elmləri üzrə ixtisas kurslarının hazırlanmasında monoqrafiyadan istifadə edilməsi tövsiyə olunur. Tədqiqat işlərinin müəyyən hissəsi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı və BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən həyata keçirilən “Qlobal əhəmiyyətli aqrobioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi” layihəsinin maliyyə dəstəyi ilə yerinə yetirilib. Kitab Genetik Ehtiyatlar İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.