REGİONLAR
Yeniyetmələr arasında futbol üzrə Naxçıvan şəhər birinciliyinin qalibləri mükafatlandırılıb
Naxçıvan, 13 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublika Stadionunda “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında 11 və 13 yaşlı idmançılar arasında futbol üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Darıdağ İdman Klubunun birgə təşkilatçılığı ilə keçirilən yarışda iki yaş qrupunda 8 komanda iştirak edib.
Yarışdan əvvəl Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyini Darıdağ İdman Klubunun sədr müavini Cavanşir Salayev və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov çıxış edərək bildiriblər ki, birinciliyin keçirilmə məqsədi Naxçıvan şəhərində yeniyetmələri zərərli vərdişlərdən uzaqlaşdırmaq və onları futbol idman növünə cəlb etməkdir.
Sonra birinciliyə start verilib. Açıq birincilikdə Naxçıvan şəhərinin komandaları ilə yanaşı, Şərur rayon Aralıq kəndinin və Culfa şəhərinin komandası da iştirak ediblər. Olimpiya sistemi üzrə və AFFA-nın mövcud qaydalarına əsasən keçirilən yarışın yekununa görə, 13 yaşlı idmançılar arasında Naxçıvan Muxtar Respublikası DİN Darıdağ İdman Klubunun “Darıdağ” komandası, 11 yaşlı idmançılar arasında isə “Aralıq” komandası I yerə layiq görülüb.
Qalib komandalar və komanda üzvləri Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplom və fəxri fərmanları, Naxçıvan Muxtar Respublikası DİN-in Darıdağ İdman Klubunun diplom və medalları ilə mükafatlandırılıblar.