CƏMİYYƏT
Yerli idarəetmədə gender bərabərliyinin təşviqi müzakirə olunub
Bakı, 9 dekabr, AZƏRTAC
Dekabrın 9-da Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası çərçivəsində "Yerli idarəetmədə gender bərabərliyinin təşviqi" mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova uzun illərdir cəmiyyətimizdə müzakirə olunan gender bərabərliyi mövzusunda bir sıra tədbirlərin həyata keçirildiyini bildirib. Qeyd edib ki, 2006-cı ildə Azərbaycanda "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Qanun qəbul olunub və hər il bu qanunun yerinə yetirilməsi ilə bağlı AQUPDK Milli Məclisdə hesabat verir. Bugünkü nəticələr onu göstərir ki, bu hesabatın hazırlanması artıq bütün qurumların bu mövzuya münasibətini dəyişib.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətində layihə rəhbəri Samuel Held gender əsaslı zorakılıq məsələləri üzrə çalışmağın və birgə mübarizə aparmağın vacibliyini diqqətə çatdırıb. Bildirilib ki, gender mövzusuna mütəmadi olaraq nəzər yetirilməli və bu mövzu üzrə çalışmalar həyata keçirilməlidir.
"Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti uzun müddətdir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx çalışır. Biz iki həftə əvvəl gender portalının təhvil verilməsində kömək göstərmişik. Gender portalı bu mövzuda olan məlumatların, biliklərin və əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm rol oynaya bilər.
Bundan əlavə vurğulamaq istərdim ki, son iki il ərzində əyalətlərdə gender komissiyalarının yaradılması istiqamətində işlər görülüb. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti bu sahədə müxtəlif vasitələrlə kömək göstərir, yerlər avadanlıqlarla təchiz edilir, müvafiq təlimlər keçirilir və bu sahədə əməkdaşlıq mübadiləsi möhkəmləndirilir", - deyə S.Held qeyd edib.
Digər çıxış edənlər bildiriblər ki, qadınlara qarşı zorakılığının qarşısını almaq üçün hər kəs birlikdə çalışmalı və bu mövzularda təlimlər keçirilməlidir. Vurğulanıb ki, bu gün ölkəmizdə qadınlar bütün istiqamətlərdə, o cümlədən siyasət, iqtisadiyyat, təhsil və digər sahələrdə fəal iştirak edirlər.
Sonra "genderazerbaijan.com" saytının təqdimatı olub.
Daha sonra gender bərabərliyinin təmin edilməsi, gender zorakılığının qarşısının alınması mövzularında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.