MƏDƏNİYYƏT
Yerli və xarici bazarlarda “Azərbaycan brendi” olaraq 287 ədəd, 853 kvadratmetr xalça satılıb
Bakı, 10 oktyabr, AZƏRTAC
“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti 2016-2017-ci illərdə Füzuli, Ağdam, Şəmkir, Tovuz, Ağstafa, Qazax, İsmayıllı, Qəbələ, Quba və Xaçmaz rayonlarında filiallar yaradıb. Bu filialların hər birində 150 toxucunun, 14 inzibati-təsərrüfat işçisinin çalışması üçün müasir iş şəraiti qurulub, Azərbaycanda istehsal edilmiş 43 dəzgah quraşdırılıb və hazırda milli və orijinal çeşnilər əsasında xalçalar toxunur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin sədri Vidadi Muradov deyib.
Vurğulayıb ki, ümumi sayı 900 nəfərə yaxın olan toxucuların əksəriyyəti gənclərdir. Filialların stabil fəaliyyətinin təmin olunması Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ayrılmış 2 milyon manat vəsaitlə “Hyundai” markalı 18 avtobusun alındığını deyən V. Muradov qeyd edib ki, filiallarda indiyədək Azərbaycan xalçalarının Bakı, Qarabağ, İrəvan, Naxçıvan, Quba, Gəncə, Şirvan, Qazax-Borçalı, Təbriz qrupları üzrə 1330 ədəd, 4401 kvadratmetr xalça toxunub. Yerli və xarici bazarlarda “Azərbaycan brendi” olaraq 287 ədəd, 853 kvadratmetr xalça satılıb.
V.Muradov söyləyib ki, Prezidentin müvafiq Sərəncamı ilə “Azərxalça”nın daha 10 filialının yaradılması üçün vəsait ayrılıb. 2018-ci ilin əvvəlindən Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində, Naxçıvan şəhərində, Abşeron rayonunun Qobu qəsəbəsində, Qobustan, Şabran, Lənkəran, Kürdəmir, Tərtər, Goranboy rayonlarında, Biləsuvar rayonunda Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə filial binalarının tikintisinə başlanılıb. Lənkəran filialının tikintisi artıq başa çatdırılıb, burada 116 nəfər işlə təmin olunub. Digər filial binalarının tikintisi isə bu ilin sonunadək başa çatdırılacaq. Həmçinin 20 emalatxana binasının tikintisi, infrastrukturunun yaradılması, avadanlıq və dəzgahlarla təchizatı üçün “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə Azərbaycan Respublikasının dövlət büdcəsində investisiya xərcləri üçün nəzərdə tutulan vəsaitdən 37 milyon 475 min manat vəsait ayrılıb.