İQTİSADİYYAT
Yerüstü su ehtiyatlarının azalması əkin sahələrinin suvarma suyu ilə təmin olunmasını çətinləşdirir
Bakı, 14 oktyabr, AZƏRTAC
Əhalinin ərzaq və kənd təsərrüfatı məhsulları ilə təmin olunması ilə bağlı torpaq və su ehtiyatlarından səmərəli istifadə edilməsi, bu istiqamətdə yeni texnologiyaların tətbiqi, ən yaxşı kənd təsərrüfatı təcrübələrindən yararlanmaq vacibdir. Yaşıl enerji mənbələrindən istifadə ətraf mühitə mənfi təsirləri azaltmaqla yanaşı, fermerləri uzunmüddətli və dayanıqlı gəlir mənbəyi ilə də təmin edə bilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) dəstəyi ilə hazırladığı “Yaşıl iqtisadiyyat” kitabının təqdimatında deyib.
“Bildiyiniz kimi, ölkəmizin torpaq fondunun 55 faizi kənd təsərrüfatına yararlıdır ki, bunun da əksəriyyəti rütubət çatışmayan quraq zonaya aid olduğundan burada suvarma tətbiq etmədən kənd təsərrüfatı məhsullarının istehsalı mümkün deyil. Son illər müşahidə olunan quraqlıq nəticəsində yerüstü su ehtiyatlarının azalması əkin sahələrinin suvarma suyu ilə təmin olunmasını çətinləşdirir. Bu baxımdan kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasında mövcud torpaq və su ehtiyatlarından səmərəli istifadə olunmasının rolu olduqca vacibdir. Torpaqların konsolidasiyası, iri fermer təsərrüfatlarının yaradılması və təsərrüfatlarda müasir becərmə texnika və texnologiyaların tətbiqi və kənd təsərrüfatı istehsal vasitələri ilə təminat nazirlik olaraq siyasətimizin ana xəttini təşkil edir”, - deyə o vurğulayıb.