REGİONLAR
Yevlaxın 12 yaşayış məntəqəsində elektrik təsərrüfatı yenidən qurulub
Yevlax, 18 fevral, AZƏRTAC
Yevlax rayonunda istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Yevlax Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ötən il Kövər kəndində, Meyvəli qəsəbəsində, Yevlax-Bərdə avtomobil yolunun kənarında 251 ədəd köhnə dayaq metal dayaqlarla əvəz edilib. Kövər və Meyvəli kəndlərində 9,5 kilometr SİP kabel, Meyvəli və Ərəbbəsrə kəndlərində 11 kilometr 6 kv-luq elektrik xətti çəkilib.
Rayonun Havarlı, Hacıselli, Marzılı, Bəydili, Gülövşə, Əkşəm, Aşağı Salamabad, Yuxarı Salamabad, Aşağı Bucaq, Yenicə və Əcəmi kəndlərində və Meyvəli qəsəbəsində elektrik təsərrüfatında yenidənqurma işləri başa çatdırılıb. İl ərzində 10 kv-luq elektrik verilişi xətlərində 365 ədəd, 04 kv-luq xətlərdə isə 4750 ədəd metal dayaq basdırılıb. 167 kilometr SİP kabel, 42,5 kilometr yeni elektrik verilişi hava xətləri çəkilib. 43 ədəd transformator məntəqəsi quraşdırılıb.
Nemətabad, Nərimanabad, Duzdağ, Yeni Çobankərə, Balçılı, Tanrıqulular kəndlərində elektrik təsərrüfatının əsaslı təmirinin layihə sənədləri hazırlanıb. Həmin kəndlərdə də yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.