CƏMİYYƏT
Yol Polisi: Avtomobillərini texniki baxışdan keçirməyən sürücülər cərimələnəcəklər VİDEO
Bakı, 1 mart, AZƏRTAC
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi ilə bağlı sürücülərə bir daha müraciət edib.
İdarədən AZƏRTAC-a daxil olan müraciətdə bildirilib: “Nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS-məlumat almış şəxslər istifadələrində olan avtomobillərini texniki baxışdan keçirməlidirlər. Bunun üçün Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonunda yerləşən Texniki Müayinə Mərkəzində, Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərindəki yeni istifadəyə verilmiş Müayinə Mərkəzində, Sumqayıt regional qeydiyyat-imtahan və texniki baxış şöbəsində nəqliyyat vasitələrini texniki baxışa təqdim etməlidirlər. Respublikanın digər şəhər və rayon sakinləri isə yaşadıqları ərazinin aid olduğu Baş İdarənin regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində avtomobillərini texniki baxışdan keçirə bilərlər. Xüsusi texniki vasitələrin köməyi ilə texniki baxışdan keçməyən avtomobillər müəyyənləşdirilərək sürücüləri cərimə olunacaqlar.
Müayinə mərkəzləri həftənin bütün günləri fəaliyyət göstərir. Sürücülər hər gün saat 09:00-dan axşam saat 6-dək avtomobillərini texniki baxışdan keçirə bilərlər. Sürücülərdən xahiş olunur ki, texniki baxışa avtomobillərini saz vəziyyətdə təqdim etsinlər.
Qeyd edək ki, texniki baxışdan yayınmaq üçün müxtəlif üsullara əl atan sürücülərə rast gəlinməkdədir. Bəzi sürücülər texniki baxışdan keçən avtomobillərin nömrələrini digər nəqliyyat vasitələrində istifadə edərək hərəkət etməyə cəhd göstərirlər. Belə sürücülər də dövlət yol polisinin əməkdaşları tərəfindən müəyyənləşdirilərək saxlanır və onlar qanunvericiliyə uyğun olaraq cərimə edilirlər”.