ELM VƏ TƏHSİL


“Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib VİDEO

Bakı, 15 iyul, AZƏRTAC

İyulun 15-də “Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib.

AZƏRTAC xəbər verir ki, “Bakı Ekspo Mərkəzi”ndə baş tutan müsabiqənin final mərhələsi çərçivəsində “Müasir çağırışlar və insan kapitalının formalaşması” mövzusunda idarəçi rəhbərlərin çıxışları olub.

Final mərhələsində müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva və birinci “Yüksəliş” müsabiqəsinin qalibləri də iştirak ediblər.

Panel müzakirələrinin birinci hissəsi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Rövşən Nəcəf, ikinci hissəsi isə, “PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov tərəfindən aparılıb.

İdarəçi rəhbərlər çıxışlarında “Yüksəliş” müsabiqəsinin yeni nəsil idarəçilərini, liderlik müstəvisində proqressiv düşüncə, çevik idarəçilik bacarıqlarına malik peşəkarları aşkara çıxarmaqda, onların potensialını lazımi sahələrə yönləndirməkdə, eyni zamanda, peşəkar kadrların dəyərləndirilməsi və dəstəklənməsi baxımından ölkəmiz üçün əhəmiyyətli layihə olduğunu vurğulayıblar.

Panel müzakirələri çərçivəsində “Müasir çağırışlar və insan kapitalının formalaşması” mövzusunun gündəmə gətirilməsinin əsas məqsədi müsabiqənin finalçılarına peşəkar idarəçilərin təcrübələrini dinləmək imkanı yaratmaq, idarəetmə sistemində yeni yanaşmaların, səmərəli insan kapitalının yetişdirilməsinin əhəmiyyətini vurğulamaqdır.

Qeyd edək ki, müsabiqənin yarımfinal və final mərhələləri “qiymətləndirmə konfransı” formatında keçirilir. Bu təcrübə ölkəmizdə imtahan sistemində ilk dəfə tətbiq edilir. ABŞ, Rusiya, Avropa ölkələrində geniş yayılan bu format böyük sayda insanların potensialını qiymətləndirmək üçün istifadə olunur. Finalda müsabiqənin əvvəlki dörd mərhələsini uğurla başa vuran 116 nəfər iştirakçı mübarizə aparır. İştirakçıların mübarizəsi keyslər üzərindən davam edir və onların 8 səriştəsi (strateji düşünmək bacarığı, nəticələrə yönəlmək bacarığı, komandada işləmək bacarığı, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, liderlik, sosial məsuliyyət və effektivliyin idarə edilməsi) ekspertlər tərəfindən qiymətləndirilir. Keyslər müasir dünya təcrübəsi əsasında və qabaqcıl format üzərində hazırlanıb, Azərbaycanın iqtisadiyyatı, sosial, insan resursları və yenidənqurma sahələrini ehtiva edir.

Final mərhələsi 3 gün davam edəcək və müsabiqə iyulun 17-də yekunlaşacaq. Bu mərhələni uğurla keçən iştirakçıları 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət qurumlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min AZN dəyərində pul mükafatı gözləyir.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.