İDMAN


Yunan-Roma güləşçilərimiz Avropa çempionatında 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar

Bakı, 29 iyun, AZƏRTAC

İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, yunan-Roma güləşi üzrə millimizin üzvü Nihat Məmmədli (60 kq) ilk mərhələdə alman Eugen Şellə heç bir şans tanımayıb - 8:0. Növbəti mərhələdə polşalı Oliver Şkripçakı vaxtından əvvəl xalçadan məyus yola salan (13:5) güləşçimiz yarımfinalda erməni Suren Ağacanyanla bacarmayıb - 1:9. N.Məmmədli bürünc medal uğrunda görüşdə isveçli İlyas Ayhana qalib gəlib - 6:0.

Kənan Abdullazadə (67 kq) təsnifat mərhələsində fransalı Maqomed Qataqayevi minimal fərqlə (3:2), səkkizdəbir finalda isə litvalı Rokas Çepauskası sonuncu xal prinsipinə əsasən (4:4) üstələyib. Dörddəbir finalda macar Amadeuş Vitek üzərində təmiz qələbə (8:0) qazanan pəhləvanımız yarımfinalda gürcü Nika Broladzeyə uduzub - 1:4. Təmsilçimiz bürünc medal uğrunda mübarizədə israilli Şon Nadergindən güclü olub - 6:1.

Qurban Qurbanov (72 kq) yarışa inamlı start verib. Güləşçimiz rəqiblərinə göz açmağa imkan verməyib. Belə ki, Q.Qurbanov norveçli Marius Dalsbotten (9:0), gürcü Temuri Orconikidze (8:0), isveçrəli David Loher (11:0) və ukraynalı İrfan Mirzoyevə (8:0) tam üstünlüklə qalib gələrək adını finala yazdırıb. Güləşçimiz həlledici qarşılaşmada macar Attila Toesmaqiylə üz-üzə gəlib. Rəqibinə (1:2) uduzan Q.Qurbanov gümüş medalı boynundan asıb.

Beləliklə, yunan-Roma güləşçilərimiz Avropa çempionatında ümumilikdə 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.

Daha əvvəl Nihat Quluzadə (55 kq) və Laçın Vəliyev (87 kq) qızıl medala sahib olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.