DÜNYA
Yunanıstan beynəlxalq aviareyslərə dair məhdudiyyətləri aprelin 19-dək uzadıb

Afina, 5 aprel, AZƏRTAC
Yunanıstan hökuməti daxili aviareyslərə dair məhdudiyyətləri aprelin 12-dək, beynəlxalq reyslərlə bağlı məhdudiyətləri isə aprelin 19-na kimi uzatmağı qərara alıb.
AZƏRTAC xəbər verir ki, əsas səbəb kimi ölkədə koronavirusa yoluxmaların çoxalması göstərilir. Məhdudiyyətlərə əsasən, Yunanıstana gələn vətəndaşlar 72 saat əvvəl COVID-19 testini etməlidirlər. Bütün xarici vətəndaşlar 7 gün karantinə yerləşdirilir. Yalnız peyvənd olunan İsrail vətəndaşları karantin keçmirlər.
Yunanıstan Avropa İttifaqından əlavə yalnız 10 ölkədən uçuşlara icazə verib. Daxili aviareyslərlə uçan sərnişinlərin mütləq təxirəsalınmaz səbəbi olmalıdır.
Qeyd edək ki, Yunanıstanda gün ərzində virusa yoluxanların sayı 3 min nəfəri keçir. Ölüm halların çoxalması da müşahidə olunur.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina