REGİONLAR
Yüngül atletika üzrə Naxçıvan Muxtar Respublika birinciliyinin qalibləri mükafatlandırılıb
Naxçıvan, 18 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublika Stadionunda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş yüngül atletika üzrə muxtar respublika birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən birincilik Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının birgə təşkilatçılığı ilə reallaşıb.
Əvvəlcə Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının sədri Rövşən Məmmədov və Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxış edərək muxtar respublikada idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb, yarış iştirakçılarına uğurlar arzulayıblar.
Sonra birinciliyə start verilib.
Yarış qızlar və oğlanlar arasında 100, 200, 400, 800 və 1500 metr məsafəyə qaçış üzrə keçirilib.
Sonda qalib idmançılara Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin diplomları, Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının qiymətli hədiyyələri təqdim olunub.