CƏMİYYƏT
Yuxarı ətrafları amputasiya olunmuş qazilərin yaxın günlərdə yüksək texnologiyalı protezlərlə təminatına başlanılacaq
Bakı, 23 sentyabr, AZƏRTAC
Yuxarı ətrafları amputasiya olunmuş qazilərin yaxın günlərdə yüksək texnologiyalı protezlərlə təminatına başlanılacaq. Bu məqsədlə İslandiyanın ÖSSUR şirkətinin istehsalı olan son nəsil protezlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə gətirilib.
AZƏRTAC xəbər verir ki, ilkin mərhələdə mərkəzdə Vətən müharibəsində yuxarı ətraflarını itirmiş 10, ümumilikdə isə 29 qazi yüksək texnologiyalı protezlərlə təmin ediləcək. Bunun üçün ÖSSUR şirkətinin Rusiya nümayəndəliyinin mütəxəssisləri ilə birgə həmin qazilərdən müvafiq ölçülər götürülüb.
Protez-ortopedik sənaye sahəsində ən qabaqcıl texnologiyaya malik olan şirkət yuxarı ətrafları amputasiya olunanlar üçün yüksək funksionallıq və proqram təminatı ilə fərqlənən ən müasir bionik protezlərin istehsalını həyata keçirir. ÖSSUR Touch Bionics protezlərinin xüsusi proqram təminatı istifadəçinin sosial həyata daha tez və rahat inteqrasiyasına imkan yaradır. ÖSSUR i-Limb Ultra bioelektrik əl darağının 18 fərqli tutma variantı mövcuddur. Ən müasir və yüksək texnologiya əsasında hazırlanmış protezlərin özəlliyi itirilmiş bədən əzaları funksiyalarını 70-80 faiz təmin etməyə imkan verməsidir. Komplektə istifadəçinin seçiminə uyğun fərqli rəng və ölçülərə malik 6 silikon əlcək də daxildir.
Bundan əvvəl isə qazilərin 2020-ci ilin dekabrından yüksək texnologiyalı elektron protezlərlə təminatına başlanılıb. Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə aşağı ətraflarını itirmiş 142 hərbçi son nəsil protezlə təmin edilib.