REGİONLAR
ZAQATALADA SAHİBKARLARLA GÖRÜŞ KEÇİRİLMİŞDİR
Azərbaycan Sahibkarlar Şurasının sahibkarlara kömək milli fondunun, müvafiq nazirliklərin, bankların nümayəndələrinin Zaqatalada iş adamları ilə görüşü keçirilmişdir. Tədbirdə yerli sahibkarlarla yanaşı Balakən və Qax rayonlarından gəlmiş iş adamları da iştirak etmişlər.
Zaqatala Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, görüşdə “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında“ Prezident Fərmanının və “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmış, bölgədə sahibkarlığın inkişafı, onların problemləri, sahibkarlıq hüququ, iqtisadi siyasət, girov təminatı və digər mövzulara toxunulmuşdur.