CƏMİYYƏT


Zaur Bayramoğlunun “Alabaş” və “Qara mamba” kitablarının təqdimatı olub

Bakı, 22 iyun, AZƏRTAC

“Libraff” kitab mağazaları şəbəkəsinin “Park Akademiya” filialında sabiq xüsusi təyinatlı gizir, qazi, görmə məhdudiyyətli yazıçı Zaur Bayramoğlunun “Alabaş” və “Qara mamba” kitablarının təqdimat və imza mərasimi keçirilib. Tədbirdə Zaur Bayramoğlu yaradıcılığını sevənlər, ədəbi ictimaiyyət və media nümayəndələri, Vətən müharibəsinin və ədibin “Qara mamba” kitabındakı “Pusqu” povestinin real qəhrəmanları olan xüsusi təyinatlı zabitlər və onların istehkam müəllimləri baş gizir Yavər Qabulov, müəllifin hazırda üzərində işlədiyi “Fədailər” trilogiyasının real qəhrəmanları Ramin və Rza Yunusov qardaşları və başqaları iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Libraff”ın PR mütəxəssisi, bloger Sərxan Rüstəmov iştirakçılara Zaur Bayramoğlunun yaradıcılığı haqqında məlumat verib. Hər iki yeni kitabı haqqında fikirlərini oxucuları ilə bölüşən müəllif Zəfər savaşında Hadrutun azad edilməsindən bəhs edən “Pusqu” povesti haqqında ətraflı danışıb. O, əsərin real qəhrəmanları kapitan Nicat Əbdürrəhmanovu, baş gizir Hamid İsayevi, gizir Mahir Məmmədovu iştirakçılara təqdim edib. Xüsusi təyinatlıların çıxışları iştirakçıların alqışları ilə qarşılanıb.

Tədbirdə filoloq-tərcüməçi, şairə Sədaqət Əhmədova, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri şair İntiqam Yaşar, Yevlax rayonunda çıxan “Kür” qəzetinin baş redaktoru Əminə Yusif qızı, təqaüdçü Ramiz Tağıyev, müharibə başlayandan bu günə kimi qazi və şəhid ailələrinin daimi ziyarətçisi, şəhidlər haqqında bir çox yazıların və videoçəkilişlərin müəllifi Aytən Məmmədova, “Libraff”ın nəşrlər üzrə məsləhətçisi Əminə İbrahimli çıxış ediblər. Onlar 1-ci qrup əlil olan Zaur Bayramoğlunu digər yazarlamızdan fərqləndirən xüsusiyyətlərindən bəhs edib, əvvəlcə silahı, sonra qələmi ilə daim Vətən torpağının işğalçılardan azad edilməsi uğrundakı yorulmaz və nikbin mübarizliyindən, Vətən qəhrəmanlarının hünərini tərənnüm etmək və onların qəhrəmanlıq tarixini əbədiləşdirmək yolundakı inadkar və əzmli zəhmətindən, bir hərbçi və tarixçi kimi bu mövzularda nümayiş etdirdiyi dərin biliyindən və bir yazar kimi bədii istedadının gücündən heyranlıqla söz açıb, onun Azərbaycan əsgərinin mübariz siması olmasından qürur duyduqlarını ifadə ediblər.

Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqə sükutla yad edən tədbir iştirakçıları müəlliflə və qazilərimizlə, eləcə də təqdimatla bağlı səmimi təəssüratlarını bölüşüblər.

Tədbirin sonunda Zaur Bayramoğlu və onun xüsusi təyinatlı qazi-qəhrəmanları müəllifin kitablarını oxucular üçün imzalayıblar.

Qeyd edək ki, Zaur Bayram oğlu Muradov 1978-ci ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Milarx kəndində ziyalı ailəsində anadan olub. 1995-ci ildə Milarx kənd orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olub, 1999-cu ildə müəyyən səbəblərdən təhsilini qiyabi şöbədə davam etdirməyi qərara alaraq hərbi xidmətə yollanıb. Həmin ilin aprel ayında xidmətdə fərqləndiyinə görə hərbi hissə komandiri tərəfindən kiçik çavuş rütbəsi ilə mükafatlandırılıb. İyul ayında qatıldığı XTQ seçmələrini uğurla keçərək həmin sistemdə təhsil almağa göndərilib. Kursu uğurla bitirən Zaur Muradov “N” saylı hərbi hissədə xidmət etməyə başlayıb. Bir çox döyüş və kəşfiyyat tapşırıqlarını uğurla yerinə yetirən gizir Zaur Muradov 2001-ci ildə vəzifə borcunu yerinə yetirərkən minaya düşərək gözlərini itirib və altı barmağı üç hissədən amputasiya olunub. Ağır kəllə-beyin kontuziyalı, beyni qəlpələrlə dolu, sol əlinin iki barmağı ilə yazan Zaur Bayramoğlu “Döyüşlə kəşfiyyat” (2020), “Öz üzərində qələbə” (2020), “Adını sən qoy” (Bakı, 2021, mart) kitablarının müəllifidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.