REGİONLAR
Zərdab pambıqçıları hər hektardan 30 sentner məhsul götürüblər
Zərdab, 17 dekabr, AZƏRTAC
Zərdab rayonunda pambıq yığımı başa çatıb. Tarlalardan 7683,7 ton “ağ qızıl” yığılıb ki, bu da ötən ilki göstəricidən 2431 ton çoxdur.
Rayon icra hakimiyyəti aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Nazim Rüstəmov bu barədə AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumatda bildirib ki, cari mövsümdə 2520 hektar sahədə pambıq yetişdirilmişdi. Əlverişli hava şəraiti və becərmə işlərinin yüksək aqrotexniki tələblər səviyyəsində aparılması hər yerdə bol məhsul yetişdirməyə imkan verib. Hər hektardan orta məhsuldarlıq 30 sentner olub ki, bu da ötən ildəkindən 11 sentner çoxdur. Bir sıra ərazilərdə, xüsusilə İsaqbağı, Körpükənd, Şahhüseyinli ərazi dairələrində daha yüksək məhsuldarlığa nail olunub.
Yığılan “ağ qızıl” “MKT istehsal kommersiya” və “P-Aqro” MMC-lərin pambıq qəbulu məntəqələrinə təhvil verilib.