REGİONLAR
Zərdab rayonunun ümumtəhsil məktəbinin bir qrup şagirdi respublikamızın şimal rayonlarına yola salınıb
Zərdab, 15 mart, AZƏRTAC
Zərdab rayonunun ümumtəhsil məktəbindən 40 nəfərlik qrup və 5 nəfər müşayiətçi “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiya çərçivəsində martın 15-də səhər respublikamızın şimal rayonlarına yola salınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolasalma mərasimində çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən maarifləndirici tədbirin əhəmiyyətindən, məktəblilərin vətənpərvərlik tərbiyəsindəki rolundan danışıb. Vurğulayıb ki, bu səfər şagirdlərə Azərbaycanın bir parçası olan Quba, Qusar və Xaçmaz rayonlarının zəngin tarixi, bu günü, dinamik inkişafı barədə hərtərəfli bilgilər əldə etmək imkanı verəcək.
Çıxış edən məktəblilər səfər proqramı çərçivəsində təkcə Qubada televiziya ekranlarında gördükləri Heydər Əliyev Mərkəzi, Qırmızı Qəsəbə, Cümə məscidi, Quba soyqırımı Memorial kompleksi, xalçaçılıq emalatxanası, Tağlı Körpü, “ABAD Factory” istehsalat kompleksi və sair tarixi, görməli yerlər, istehsal sahələri ilə tanış olacaqlarını söyləyərək bunun üçün tur-aksiyanın səbəbkarı olan Prezidentimizə minnətdarlıqlarını bildiriblər. Əlbəttə, Qusar və Xaçmaz rayonlarının gəzməli, görməli yerləri də onlarda xoş xatirələr yaşadacaq.
Yoladüşmə ərəfəsində müşayiətçi–müəllim Sədiyar Xəlilov AZƏRTAC-ın bölgə müxbirinə deyib: “Maarifləndirici tur-aksiya çərçivəsində məktəblilər nəinki Quba, Qusar və Xaçmaz rayonlarının tarixi və indiki həyatı barədə ətraflı bilgilər əldə edəcək, habelə onların gözəl istirahəti üçün də hər cür şərait nəzərdə tutulub. Hər şeydən əvvəl uşaqlarımızın vətənpərvər ruhda tərbiyəsinə göstərilən diqqətdən irəli gələn bu təşəbbüsə görə Prezident İlham Əliyevə minnətdarıq”.
Yolasalma mərasiminin sonunda tur-aksiya iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, heykəlin önünə tər çiçəklər qoyublar. Sonra onlar milli musiqi sədaları altında yola salınıblar.