CƏMİYYƏT
“Zeytun Pharmaceuticals” COVID-19-un müayinəsi üçün Səhiyyə Nazirliyinə 50 min test dəsti təqdim edib
Bakı, 5 may, AZƏRTAC
Prezident İlham Əliyev respublikamızda COVID-19 virusu ilə mübarizə tədbirlərinə başlanılan ilk günlərdən etibarən ölkə vətəndaşlarının sağlamlığını, sosial təminatının qorunmasını əsas vəzifələr kimi müəyyənləşdirərək dövlət qurumları və özəl sektora aid şirkətlərin diqqətini bu sahəyə yönəltməyi tapşırıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Zeytun Pharmaceuticals” MMC şirkəti ölkəmizdə yeni növ koronavirus infeksiyasının yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması istiqamətində dövlətə dəstək məqsədilə 50 min ədəd Türkiyə istehsalı olan “COVID-19 Ekstraksion Kiti Testi” və 50 min ədəd “RTqPCR Tespit Kiti Testi” təmənnasız olaraq nazirliyə təqdim edib.
Səhiyyə Nazirliyinin rəhbərliyi pandemiya ilə mübarizə dövründə “Zeytun Pharmaceuticals”ın dəstəyini təqdirəlayiq hesab edir, şirkətə dərin minnətdarlığını bildirir.