ELM VƏ TƏHSİL
® 90 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan intellektual yarışma keçirilib
![](/files/galleryphoto/2024/2/1200x630/1717769986332319710_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/2/1200x630/17177699863204624501_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/2/1200x630/17177699866473161241_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/2/1200x630/1717769986184175472_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/2/1200x630/17177699865680021565_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/2/1200x630/17177699866248643321_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/2/1200x630/1717769986150801646_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/2/1200x630/1717769986981125749_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/2/1200x630/1717769986332854986_1200x630.jpeg)
90 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan intellektual yarışma keçirilib. İntellektual yarış “Balaxanı Əməliyyat Şirkəti LTD” tərəfindən 90 nömrəli tam orta məktəbdə təşkil olunub.
Məktəbin həyətində ağaclar və güllərin əkilməsi ilə tədbir açıq elan edilib. Tədbiri giriş sözü ilə açan 90 nömrəli tam orta məktəbin direktoru Svetlana Nəbiyeva bildirib ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanda cari ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi böyük tarixi əhəmiyyətə malikdir. Bununla bağlı məktəbimiz tərəfindən müvafiq tədbirlər planı hazırlanaraq həyata keçirilməkdədir.
Balaxanı Əməliyyat Şirkətinin ətraf mühitin mühafizəsi üzrə müavini Ramil Əliyev çıxışında qeyd edib ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Azərbaycan Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını yaşıl enerji zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.
“Balaxanı Əməliyyat Şirkəti LTD” ümumi işlər departamentinin direktoru Kərim Aşurov çıxışında noyabr ayında ölkəmizdə keçiriləcək COP29-a hazırlıq məsələlərinə toxunub. Bildirib ki, Azərbaycanın bu mötəbər tədbirə ev sahibliyi etməsi beynəlxalq arenada böyük nüfuza malik olmasına əsaslanan amildir. “Balaxanı Əməliyyat Şirkəti LTD”nin gördüyü ekoloji işlərin diqqətə layiq olduğunu kollektivin diqqətinə çatdırıb.
Tədbirin xüsusi qonaqlarından BMT İnkişaf Proqramının İqlim Dəyişikliyinə Adaptasiya Layihəsinin əməkdaşı Hüseyn Daşpoladov məktəb heyətini və şagirdləri salamlayaraq ölkəmizin zəngin biomüxtəlifliyi, xüsusi mühafizə olunan təbiət əraziləri, biomüxtəlifliyin qorunması istiqamətində görülən işlər barədə məlumatlar verib, onları maraqlandıran suallar cavablandırılıb.
Ətraf mühitin qorunması üzrə beynəlxalq ekspert, “Balaxanı Əməliyyat Şirkəti LTD” layihə meneceri Çingiz Məmmədov tədbirdə məruzə ilə çıxış edib. O, tədbirdə şagirdləri dünyada və ölkəmizdə iqlim dəyişiklikləri ilə bağlı statistik məlumatlarla tanış edib, oyunun şərtlərini şagirdlərə izah edib. Çıxışlardan sonra 20 dəqiqəlik vaxtın verilməsi ilə intellektual oyun başlayıb. Vaxt bitdikdən sonra münsiflər tərəfindən yoxlanılan cavablara əsasən qaliblər müəyyənləşib və təltif mərhələsi baş tutub. Qaliblər xüsusi hədiyyələr ilə mükafatlandırılıb.
Tədbir öz işini xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşdırıb.