İQTİSADİYYAT
® Bakıda iş adamlarının iştirakı ilə növbəti “Business Networking Night” keçirilib
Bakıda “Majlis Business Network”un təşkilatçılığı ilə 6-cı dəfə "Business Networking Night" keçirilib.
Açılış nitqindən sonra “Majlis Business Network”un həmtəsisçisi Tamerlan İsmayılov çıxış edərək tədbirin konsepti və gələcək perspektivlər haqqında danışıb.
Çıxışdan sonra tədbir şəbəkələşmə aktivlikləri ilə davam edib. Müxtəlif oyunlar sayəsində sahibkarlar bir-biriləri ilə tanış olub, fəaliyyətləri haqqında məlumatlar veriblər.
Aktivliklər bitdikdən sonra tanış olmuş sahibkarlar B2B görüşlər keçirərək gələcək iş münasibətlərinin qurulması barədə müzakirə ediblər. Onlara təqdim olunmuş nömrəli kartlar vasitəsilə müsabiqə təşkil olunub və qalib olan şəxslər müxtəlif şirkətlərdən hədiyyələr qazanıblar.
“Majlis Business Network” artıq uzun müddətdir ki, sahibkarları bir araya toplayaraq müxtəlif formatlarda tədbirlər təşkil edir. Hər həftə keçirilən dəyirmi masalar, masterklaslar, təqdimatlar və digər formatda tədbirlər sahibkarların qarşılıqlı biznes əlaqələrinin inkişafına zəmin yaradır.
Qeyd edək ki, kiçik və orta sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının ən vacib və dinamik göstəricilərindəndir. Böyük iqtisadi gücə malik olan ölkələrin inkişafı məhz bu yoldan keçib, çünki yeni bizneslərin, şirkətlərin, markaların yaranması həm ümumdaxili məhsul həcminin yüksəlməsinə, həm məşğulluğun artımına, həm ölkə iqtisadiyyatının idxaldan asılılığının azalmasına, həm də ixrac potensialının yüksəldilməsinə böyük zəmin yaradır.
Məhz bu səbəbdən ölkə rəhbərliyi səviyyəsində kiçik və orta sahibkarlığa xüsusi dövlət qayğısı göstərilir. Bununla paralel olaraq ictimai təşkilatların, bu sahədə fəaliyyət göstərən ayrı-ayrı qurumların işi çox önəmlidir.
Dünya praktikası göstərir ki, bu kimi qurumlar olmadan inkişaf perspektivləri əldə etmək çox çətindir. Üç ilə yaxındır fəaliyyət göstərən "Majlis Business Network” məhz kiçik və orta sahibkarlığın inkişafına töhfə verən belə qurumlardandır.
Tədbirin təşkilində dəstək olan şirkətlərə (“Zinəti-Zişan”, “Azprint”, “W_Space”, “Ego Media”, “Logix”, “BHB Media”, “Supreme Mebel”, “Brandup”) təşəkkürümüzü bildiririk.
Tədbirdə 100-dən çox sahibkar, şirkət rəhbəri və ekspertlər iştirak edib.