İDMAN
® “PUBG Mobile” üzrə onlayn Azərbaycan birinciliyi davam edir
Bakı, 14 sentyabr, AZƏRTAC
“Gaming League Azerbaijan”ın (GLA) təşkil etdiyi “PUBG Mobile” üzrə onlayn Azərbaycan birinciliyi davam edir.
AZƏRTAC xəbər verir ki, aktivinə 67 xal və 17 “kills” yazdıran Bakı təmsilçisi “Graywolves” komandası yaddaqalan oyun sərgiləyib. Üç xəritədə 22 “kills” ilə önə çıxan Şuşa təmsilçisi “Black Owl Squad” komandası isə 60 xalla ikinciliyi əldə edib. Həmçinin komandanın oyunçusu “bosCreepyBoy” ləqəbli Cavid İsrafilov günün ən çox “kills” sayı qazanan iştirakçısı olub.
Sentyabrın 12-də turnirin nəticələri aşağıdakı kimi olub: Ağcabədi təmsilçisi “GrandFire” komandası 91 xal və 31 “kills” ilə birinci, Masallı təmsilçisi “MagicSword” 40 xal və 12 “kills” ilə ikinci yeri tutub. “Desert Blizzard” komandasının “blizzNOHELP” ləqəbli oyunçusu 8 “kills” ilə günün fərqlənən iştirakçısı adını qazanıb.
“PUBG Mobile” üzrə Azərbaycan birinciliyində 512 komandanın tərkibində 1024 iştirakçı mübarizə aparır. Komandalar 16 qrupa bölünüb və öz qruplarında 3 müxtəlif xəritədə güclərini sınayırlar.
Yarışda hər qrupda ilk 2 yeri tutan cütlüklər böyük finala vəsiqə qazanacaq. Sentyabrın 21-də baş tutacaq final mübarizəsində isə ilk 5 yeri tutan komandaların üzvlərinə “MyShops.az” tərəfindən müxtəlif markalı 10 mobil telefon hədiyyə ediləcək.
GLA-nın təşkilatçılığı ilə keçirilən turnirin tərəfdaşları Müdafiə Sənayesi, Gənclər və İdman, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Kiber İdman Federasiyası və “MyShops.az” onlayn alış-veriş saytıdır.
2019-cu ilə qədər olan statistikaya görə, 400 milyondan artıq insanın marağını qazanan kiber idman sahəsinin məşhurluğu bu gün də artmaqdadır. Kiber idman oyunları test oyun olaraq 2022-ci ildə baş tutacaq 19-cu Asiya Oyunlarının proqramına daxil edilib. Azərbaycanda isə 2019-cu ildə yaranmış, kiber idman turnirləri həyata keçirən GLA bu günədək 10-dan çox kiber idman çempionatı təşkil edib. Kiber idman mədəniyyətini inkişaf etdirmək məqsədilə yaradılan bu şirkətin prioritet məqsədləri arasında Azərbaycanda beynəlxalq səviyyəyə qədər kiber idman üzrə oyunların inkişaf etdirilməsi, həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şəraitin yaradılması daxildir.
“PUBG Mobile” həvəskarlarının bu turniri yaxından izləmələri tövsiyə olunur. Bu çempionat çox maraqlı və çox fərqli olacaq.