CƏMİYYƏT
® “Azercell” növbəti əmək yarmarkasında iştirak edib
Ölkədə gənclərin məşğulluğunun artırılması istiqamətində keçirilən tədbirlərdə daim fəal iştirak edən “Azercell Telekom” MMC oktyabr ayının 30-u baş tutan əmək yarmarkasında xüsusi stend ilə təmsil olunub. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) və Azərbaycandakı Amerika Ticarət Palatası (AMCHAM) tərəfindən birgə reallaşdırılan bu tədbirdə “Azercell”in İnsan kapitalının idarə edilməsi departamentinin mütəxəssisləri yarmarkanın iştirakçıları ilə görüşüb, onların suallarını cavablandırıblar. Gənclərə şirkətdə mövcud olan vakansiyalar, hər il ənənəvi olaraq tələbələr üçün təşkil edilən təcrübə və təqaüd proqramları haqqında geniş məlumat verilib.
Məlumat üçün bildirək ki, cari ilin mayında “Azercell” şirkəti rəqəmsallığa doğru dəyişən strategiyası çərçivəsində ilk dəfə olaraq “Azercell-Lab” - ödənişli təcrübə proqramına qəbul elan edib. Tələbələrə “IT-Lab” və “Biznes-Lab” inkubasiya mərkəzlərində təcrübə keçərək peşəkar mühitdə karyera qurmaq fürsəti verilib. Fəaliyyətində dinamik və dəyişkən texnologiyaları tətbiq edən şirkət, laboratoriyaların gənc rezidentlərinə nəzəri biliklərindən yararlanaraq şirkətin real layihələrində iştirak üçün şərait yaradıb. Təcrübəçilər 6 ay müddətində biznes və IT sahələrində zəngin təcrübəyə malik olan aparıcı ekspertlər ilə birlikdə çalışmaq və rəqəmsal dünyanın ən son trendləri ilə daha yaxından tanış olmaq fürsəti əldə ediblər. Həmçinin sentyabrda tələbələrin fəaliyyətinə dəstək olmaq məqsədilə “Azercell Telekom” 2020-ci il üçün Tələbə Təqaüdü Proqramına ərizələrin qəbuluna başlayıb. “Rəqəmsal dünyanı “Azercell”lə kəşf et” şüarı altında keçirilən proqramın qalibləri akademik bilikləri, dünyagörüşü, elmə, təhsilə həvəsi və digər meyarlar əsasında seçiləcək. Qaliblər təhsil ilinin sonunadək “Azercell”dən 200 AZN məbləğində aylıq təqaüd ilə təmin ediləcəklər. Hazırda Tələbə Təqaüdü Proqramının seçim proseslərinə başlanılıb.
“Azercell”in İnsan kapitalının idarə edilməsi departamentinin təqdim etdiyi ən son yenilikləri “Azercell Recruitment Team” “LinkedIn” səhifəsindən izləyin.
Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.