CƏMİYYƏT
® Həkim-pediatr Fərəh Vahabova: Uşaqlar üçün ən yaxşısı evdə hazırlanan dondurmadır
![](/files/galleryphoto/2024/2/1200x630/17180212734525555825_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17180212732588936700_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17180212736018956746_1200x630.jpg)
İyunun 10-u Beynəlxalq Dondurma Günüdür. Ona tək-tək adam biganə qala bilər. Yaranma tarixi üç min ildən çox olan dondurma ən əlçatan və populyar desertlərdən biridir. Xüsusilə yay fəslində uşaq və böyüklərin ən çox sevdiyi qidalardan olan dondurma dadlıdır, ləzzətlidir və şirindir. Lakin dondurma ilə bağlı çoxlu stereotiplər də var - xəstələnə bilərsən, gündəlik şirniyyat norması həddən artıq ola bilər və s...
Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin həkim-pediatrı Fərəh Vahabova ilə söhbətimiz də bu mövzudadır.
-Həkim, dondurmanın faydaları haqqında nə deyə bilərsiniz?
-Uşaqlar üçün dondurma, eləcə də süd məhsulları orqanizmin normal inkişafı üçün zəruri olan qida məhsuludur. Təbii süddən hazırlanmış yüksəkkeyfiyyətli dondurmanın tərkibində sağlam yağlar, zülallar və minerallar var və metabolizmin inkişafında mühüm rol oynayan elementlərlə zəngindir: natrium, kalium və çox ehtiyac duyulan kalsium, maqnezium, fosfor və dəmir. Həmçinin, sərin desertdə demək olar ki, bütün vitaminlər kompleksi var. Yoqurt əlavələri isə laktobasillər sayəsində disbakteriozun qarşısını alır.
Dondurmanın faydalarından biri də onun sinir sistemini sakitləşdirməyindən ibarətdir. Dondurma inqrediyentlərinin siyahısında orqanizmdə yaddaşı tənzimləyən hormon və yaxşı əhval-ruhiyyənin stimulyatoru olan serotoninin səviyyəsini tənzimləyən maddələr var. Serotonin stresin təsirini neytrallaşdırır və elə buna görə də dondurma uşaqlıqdan ömürlük sevimli delikates olaraq qalır.
-Hansı yaşdan uşaqlara dondurma vermək olar?
-Həkimlərin azyaşlı uşaqların nə vaxtdan dondurma yeyə biləcəyi barədə mübahisələrinə baxmayaraq, gəlin realist olaq - valideynlərdən heç biri övladına belə bir ləzzəti dadızdırmaqdan vaz keçməyəcək. Uşaqlar dondurmanın dadını 3 yaşından sonra bilsələr, yaxşı olar, çünki həmin yaşdan kiçik uşaqlarda mədə-bağırsaq traktının bəzi funksiyaları tam formalaşmır. Uşaqların həzm sistemi südü yaxşı idarə edir, lakin dondurmada kiçik uşaqların hazır ola bilməyəcəyi digər maddələr də var. Uşaqlara tərkibində minimum miqdarda şəkər və yağ olan, konservantların və boyaların olmadığı dondurma vermək məqsədəuyğundur. Uşaqlar üçün ən yaxşısı evdə hazırlanan dondurmadır. Bunun üçün çoxlu dondurma reseptləri var. Onların içərisindən ən yaxşısını və zövqə uyğun olanını seçmək və istifadə olunan inqrediyentlərin keyfiyyətinə tam əmin olaraq hazırlayıb ailənin balaca sakinlərini sevindirmək lazımdır.
-Sağlamlığa zərər vermədən gündə nə qədər dondurma yemək olar?
-Tərkibinə görə təbii dondurmanın sağlam məhsul olmasına baxmayaraq, ondan aşırı dərəcədə istifadə etmək düzgün deyil. Bu, çoxlu şəkər ehtiva edən şirin bir desertdir, üstəlik çox yüksək kalorilidir. Tövsiyə olunan dondurma miqdarı gündə 100 qramdır. Onun həmin normada qəbulu artıq çəkiyə təsir etmir və sağlamlığa zərər vermir. Lakin dondurmanı həftədə iki dəfədən artıq yemək məsləhət görülmür.
İsti havalarda dondurma yeməmək məsləhətdir, çünki, orqanizmi susuzlaşdırır və daim su içməyə tələbat yaradır. Böyüklər dondurma seçərkən yüngül variantları, məsələn, giləmeyvə və meyvələrə əsaslanan dondurmalar seçsələr, daha yaxşıdır. Laktoza dözümsüzlüyü olanlar bağırsaq problemlərinə səbəb ola biləcəyi üçün dondurma yeməkdən tamamilə imtina etməlidirlər.
Müsahibəni apardı: Dilarə Zamanova, Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi