İQTİSADİYYAT
® Qazaxıstanın “Samruk-Kazına” Milli Rifah Fondu və “KazMunayGaz”ın nümayəndə heyəti ölkəmizdə səfərdədir VİDEO
![](/files/galleryphoto/2021/2/1200x630/1625242797501861616_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/1625242797267324549_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/16252427974357817698_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/16252427971705830241_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/1625243268591871608_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/16252427974563164048_1200x630.jpg)
Bakı, 2 iyul, AZƏRTAC
Qazaxıstanın “Samruk-Kazına” Milli Rifah Fondu” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri A.Satkaliyev və “KazMunayGaz” Milli Şirkəti Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri A.Aydarbayevin rəhbərliyi ilə nümayəndə heyəti ölkəmizə 1-3 iyul tarixlərini əhatə edən işgüzar səfərə gəliblər.
AZƏRTAC xəbər verir ki, səfərin məqsədi “Sətti” özüqalxan üzən qazma qurğusunun (ÖÜQQ) təkmilləşdirilməsi ilə bağlı işlərlə tanış olmaq, eləcə də neft-qaz sahəsində birgə cari layihələrin icrası barədə müzakirələrin aparılması və gələcək əməkdaşlıq imkanlarının araşdırılmasıdır.
Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev və “Kaspian Drilinq Kompani Limited” MMC-nin (KDK) baş direktoru Fərid Axundovla görüşlər keçirib.
İyulun 2-də nümayəndə heyəti "Kaspian Drilinq Kompani Limited" MMC-nin müasir dəniz təchizat və logistika bazasını ziyarət edib. SOCAR və BP şirkətlərinin rəhbər heyətlərinin də iştirak etdiyi mərasimdə “Sətti” özüqalxan üzən qazma qurğusunun modifikasiyası və hazırda cəlb olunduğu layihə üzrə istismarı barədə iştirakçılara geniş təqdimat keçirilib. Nümayəndə heyəti “Sətti” ÖÜQQ-da görülmüş təkmilləşdirmə işləri ilə yerində tanış olub.
Qeyd edək ki, 2019-cu ilin yanvarında SOCAR və “KazMunayGaz” şirkətləri arasında imzalanmış memorandum, eləcə də həmin ilin fevralında “Kaspian Drilinq Kompani Limited” MMC və “KMG Drilling and Services” MMT arasında bağlanmış müqaviləyə əsasən sonuncuya məxsus “Sətti” ÖÜQQ KDK-nın etibarlı idarəetməsinə verilib. “Sətti” ÖÜQQ-nin təkmilləşdirilməsi qazma qurğularının tikintisi və təkmilləşdirilməsi üzrə böyük təcrübəyə malik KDK tərəfindən həyata keçirilib. Qazma qurğusunun təkmilləşdirilməsi onun texniki və istehsalat qabiliyyətini artıraraq, 6 min metrdən çox dərinliyi olan kəşfiyyat quyularının təhlükəsiz və səmərəli qazılmasına şərait yaradıb. Hazırda “Sətti” qazma qurğusu Abşeron yarımadasının SOCAR və BP tərəfindən birgə istismar olunan dayazsulu hissəsində əməliyyatlara cəlb olunub. Gələcəkdə həmin qurğunun Xəzər dənizi akvatoriyasında digər əməliyyatlarda da istifadəsi nəzərdə tutulub.