İQTİSADİYYAT
"ADA" Universitetinin tələbələri üçün seminar
Bakı, 10 aprel, AZƏRTAC
Bakı Fond Birjası "Bilik mübadiləsi" layihəsi çərçivəsində "ADA" Universitetinin bakalavr və magistr pilləsində təhsil alan tələbələri üçün "Azərbaycan qiymətli kağızlar bazarının arxitekturası" və "Bakı Fond Birjasında ticarət" mövzusunda seminar təşkil edib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, universitetin professor-müəllim heyətinin iştirak etdiyi seminarda birjanın idarə heyətinin sədri vəzifələrini icra edən Vüqar Namazov Azərbaycan qiymətli kağızlar bazarının tarixi və inkişaf infrastrukturu barədə məruzə edib. BFB-nin Biznesin İnkişafı qrupunun rəhbəri Abdulla İsayev və Ticarət və Üzvlük qrupunun rəhbəri Rəxşəndə Əlili iştirakçılara maliyyə bazalarının növləri və fəaliyyət mexanizmləri, BFB-də qiymətli kağızlarla ticarət və listinq, post-ticarət əməliyyatları barədə nəzəri və praktiki biliklərdən danışıblar.
Qeyd edək ki, seminarın məqsədi qiymətli kağızlar bazarı üzrə mövcud bilik və təcrübənin tələbələrə ötürülməsi və Azərbaycanda bu sahə üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına töhfə verməkdir. Cari ilin sonunadək BFB tərəfindən elm və təhsilin inkişafı istiqamətində mütəmadi olaraq maarifləndirici tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.