CƏMİYYƏT
"ASAN xidmət"in fəaliyyəti barədə ATƏT-in tədbirində məlumat verilib
Bakı, 20 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Əbdül Əliyev oktyabrın 18-19-da Avstriyanın Vyana şəhərində təşkil olunmuş ATƏT-in “İqtisadi məsələlər və ətraf mühit” mövzusunda keçirilən tədbirdə iştirak edib.
Forumda ATƏT-ə üzv dövlətlərin nazirləri, yüksək vəzifəli dövlət rəsmiləri, akademik dairələrin nümayəndələri iştirak ediblər.
Tədbirin sessiyaları rəqəmsal iqtisadiyyatın inkişafında qabaqcıl idarəçilik və əlaqələr, iqtisadi sahədə yeni texnologiyaların tətbiqi, enerji sahəsində əməkdaşlıq və dayanıqlı iqtisadi artıma rəqəmsal iqtisadiyyatın təsiri, korrupsiya ilə mübarizədə rəqəmsal texnologiyaların istifadəsi mövzularına həsr olunub.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qurumun nümayəndəsi “Şəffaflığın təşviqi, korrupsiya ilə mübarizə və onun aradan qaldırılması, yaxşı cəmiyyət və korporativ idarəçiliyə töhfə verəcək təcrübə mübadiləsinin təşviqi” sessiyasında geniş təqdimatla çıxış edib. Təqdimat zamanı “ASAN xidmət” modeli barədə, e-hökumət və sosial innovasiyalar sahəsində Dövlət Agentliyi tərəfindən görülmüş işlərdən bəhs edilib. Həmçinin “ASAN xidmət”ə verilmiş BMT mükafatlarından, beynəlxalq əməkdaşlıqda əldə olunmuş uğurlardan, “MyGov”, “ASAN Viza”, “Rəqəmsal icra hakimiyyəti portalı” kimi layihələrdən və müvafiq sahələr üzrə gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan planlardan söz açılıb.
Təqdimat çoxsaylı suallar, şərhlər, cavablarla müşayiət olunub.