İQTİSADİYYAT
"DHL Azərbaycan"ın əməkdaşları üçün gömrük məsələlərinə dair təlim başlayıb
Bakı, 12 oktyabr, AZƏRTAC
Bakıda “DHL Azərbaycan” nümayəndəliyinin əməkdaşları üçün gömrük məsələlərinə dair təlim başlayıb.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində təşkil olunan təlim DGK ilə "DHL Global Forwarding Azərbaycan" MMC arasında əməkdaşlıq çərçivəsində keçirilir.
Təlimin açılış mərasimdə DGK-nın sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev bildirib ki, Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları əsasında, Azərbaycan gömrük sistemində həyata keçirilən son islahatlar nəticəsində idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsi, elektron xidmətlərin sayının artırılması, gömrük işinin beynəlxalq standartlara uyğun aparılması, normativ-hüquqi bazanın yaradılması istiqamətində məqsədyönlü işlər görülüb. Qısa bir zamanda "Yaşıl dəhliz" buraxılış sisteminin tətbiq olunduğunu və artıq bir sıra şirkətlərin bu sistemdən istifadə etdiyini vurğulayan komitə sədri ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasında, münbit biznes mühitinin formalaşması və sahibkarlıq fəaliyyətinin inkişafında mühüm rol oynayan gömrük orqanlarının bu sahədə ardıcıl tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb.
Aydın Əliyev qeyd edib ki, DGK-nın fəaliyyətində biznes-gömrük əməkdaşlığına xüsusi önəm verilir, bu məqsədlə mütəmadi olaraq işgüzar dairələrin nümayəndələri ilə görüşlər keçirilir. Azərbaycan Gömrük Xidmətinin ölkənin iqtisadi təhlükəsizliyinin təminatı, sahibkarlığın inkişafı və biznes mühitinin yaxşılaşdırılması naminə biznes subyektləri ilə hər zaman qarşılıqlı əməkdaşlığa hazır olduğunu vurğulayan komitə sədri “DHL Azərbaycan” nümayəndəliyi ilə əməkdaşlığın buna əyani misal olduğunu söyləyib.
“DHL Azərbaycan” nümayəndəliyinin rəhbəri Jason Thomas təmsil etdiyi quruma göstərilən diqqətə görə təşəkkürünü bildirib, bu əməkdaşlığın ümumi işə böyük fayda verəcəyinə əminliyini vurğulayıb. Jason Thomas bildirib ki, tərəflər arasında gömrük məsələləri üzrə təlimlə bağlı nəzərdə tutulan Fəaliyyət Planı sıx əməkdaşlıq yolu ilə gömrük qanunvericiliyinə dair məlumatlandırma və gömrük qanunvericiliyinə riayət olunması baxımından daha səmərəli olacaq.
Eyni zamanda, diqqətə çatdırılıb ki, “DHL Azərbaycan” nümayəndəliyi əməkdaşlarının müvafiq sahədə potensialının gücləndirilməsi onların məlumatlılığının artmasına və logistika sahəsində gömrük tənzimlənməsi ilə bağlı biliklərə daha dərindən yiyələnməsinə, qarşılıqlı inam və etibarın güclənməsinə kömək edəcək.
Tədbirdə DGK ilə "DHL Global Forwarding Azərbaycan" MMC arasında gömrük məsələləri üzrə əməkdaşlığa dair Fəaliyyət Planı imzalanıb.
Sonra “DHL Azərbaycan” nümayəndəliyinin əməkdaşları üçün gömrük məsələlərinə dair təlim işə başlayıb.
Dekabrın 21-dək davam edəcək təlimdə DGK-nın mütəxəssislərinin "Gömrük orqanlarının fəaliyyət aspektləri: sadələşdirmə və təhlükəsizlik", "Gömrük-biznes əməkdaşlığında innovasiya layihələrinin idarə edilməsi", "Gömrük rəsmiləşdirmə prosesi", "Gömrük təmsilçiliyi və broker xidməti", "Yaşıl dəhliz", "Gömrük prosedurları və əməliyyatları", VAİS, "Gömrük bəyannamələrinin doldurulması və tipik səhvlər üzrə məlumatlar", "Hasilatın Pay Bölgüsü Sazişinə əsasən aparılan əməliyyatlar", "Gömrük tarifi haqqında Azərbaycan Respublikasının Qanunu", "Gömrük dəyərinin hesablanması", "Gəlirlərin toplanması və onun iqtisadi artıma təsiri", "Təhlükəli malların daşınması qaydaları", "İkili təyinatlı mallar", "Laboratoriya ekspertizası/icazə üçün müraciət", "Gömrük hüquqpozmaları və onlarla mübarizə", "Risklərin idarə olunması və təhlilinin gömrük prosedurlarında rolu və əhəmiyyəti" və "Hava nəqliyyatı ilə daşınan mallara münasibətdə gömrük əməliyyatları" mövzularında məruzələr dinləniləcək.