ELM VƏ TƏHSİL
"Elektron hökumət" portalındakı xidmətlərə müraciətlərin statistikası açıqlanıb
Bakı, 21 iyul, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi 2017-ci ilin ikinci rübü ərzində "Elektron hökumət" portalında təqdim olunan elektron xidmətlərə müraciət barədə növbəti statistikanı açıqlayıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, statistikaya əsasən 2017-ci ilin ikinci rübü ərzində portalın təqdim etdiyi xidmətlərə 6 milyon 674 min 558 müraciət olub. DİM xidmətlərə müraciət sayına görə 3-cü yerdə qərarlaşıb. Rüb ərzində DİM-in təqdim etdiyi 15 xidmət üzrə 1 milyon 653 min 435 müraciət qeydə alınıb.
“Elektron hökumət” portalı vasitəsilə 20 ən çox müraciət olunan elektron xidmətlərin siyahısında DİM-in beş müxtəlif elektron xidməti yer alıb. “Namizədlərə, sınaq imtahanı iştirakçılarına, imtahan nəticələri haqqında məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi” xidməti üzrə 637 min 180, “Namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi” üzrə 401 min 394 , “Namizədlərin (abituriyentlərin, bakalavrların, rezidenturaya sənəd verənlərin) ərizələrinin onlayn qəbulu” üzrə 396 min 975, “Sınaq imtahanına yazılış” üzrə 86 min 245, “Namizədlərin elektron ixtisas seçimi ərizələrinin onlayn qəbulu” üzrə 75 min 337 müraciət qeydə alınıb.