İQTİSADİYYAT
"İqtisadi imkanların yaradılması üçün nəqliyyat və logistikadan istifadə" mövzusunda bilik sərgisi keçirilib
Bakı, 25 may, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Dünya Bankının birgə təşkilatçılığı ilə “Bilik sərgisi” keçirilib.
AZƏRTAC xəbər verir ki, "İqtisadi imkanların yaradılması üçün nəqliyyat və logistikadan istifadə" adlı sərgidə Dünya Bankının bu sahədə apardığı təhlil və qiymətləndirmənin nəticələri təqdim olunub. Müzakirə zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycanda aparılan mühüm iqtisadi islahatlar nəticəsində iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafında mühüm rolu olan nəqliyyat infrastrukturu müasirləşdirilib. Həmçinin tranzit imkanlarının genişləndirilməsi üçün vacib işlər görülür, modern nəqliyyat infrastrukturu yaradılır, tranzit potensialı artırılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi üçün işlər görülür. Bütün bunlar Azərbaycana böyük siyasi və iqtisadi dividendlər gətirir, ölkəmizin dünyada və regionda mövqeyini daha da möhkəmləndirir.
Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi "Bilik sərgisi"nin mahiyyətindən danışaraq bildirib ki, təmsil etdiyi qurum ölkəmizdə bir sıra ciddi layihələr həyata keçirir. “İqtisadi imkanların yaradılması üçün nəqliyyat və logistikadan istifadə" mövzusunda təşkil olunan sərgidə də qabaqcıl beynəlxalq təcrübənin tətbiq olunması, ən qabaqcıl texnologiya və yeniliklərin ölkəmizə gətirilməsi ilə bağlı görülən işlərdən danışılıb.
“Bilik sərgisi” çərçivəsində iştirakçılara “Nəqliyyat Dəhlizləri və İqtisadi İnkişaf”, “Qafqaz nəqliyyat dəhlizi: Onu necə rəqabətədavamlı və səmərəli yükdaşıma dəhlizinə çevirməli” mövzusunda təqdimatlar nümayiş olunub, dövlət, özəl qurumların, qeyri-hökumət təşkilatlarının və akademik ictimaiyyətin nümayəndələri ilə geniş fikir mübadiləsi aparılıb.