İDMAN
"Rusiya 2018": mundialın ilk finalçısı Fransa, yoxsa Belçika olacaq?
Bakı, 10 iyul, AZƏRTAC
Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının ilk yarımfinal mərhələsində Fransa-Belçika oyunu başlayıb.
AZƏRTAC xəbər verir ki, “Sankt Peterburq Arena” stadionunda keçirilən görüşdə Fransa millisinin heyətində meydana Uqo Loris, Samuel Umtiti, Rafayel Varan, Benjamen Pavar, Lüka Ernandes, Pol Pogba, Nqolo Kante, Blez Matuidi, Antuan Qrizman, Kilyan Mbappe və Olivye Jiru çıxıblar.
Belçika millisinin start heyətində isə Tibo Kurtua, Tobi Alderveyreld, Vensan Kompani, Yan Vertonqer, Aksel Vitsel, Musa Dembele, Maruan Fellaini, Kevin De Brüyne, Naser Şadli, Eden Hazard və Romelu Lukaku yer alıblar.
Görüşü uruqvaylı Andres Kunya idarə edir. Qarşılaşma İdman Azərbaycan Televiziyasında canlı yayımlanır.
Fransa dörddəbir finalda Uruqvayı 2:0 hesabı ilə məğlub edib. Belçika isə beşqat dünya çempionu Braziliya millisini 2:1 hesabı ilə üstələyərək mübarizədən kənarlaşdırıb.
Komandalar bu vaxtadək dünya çempionatlarında iki dəfə qarşılaşıblar. Hər iki görüş fransızların qələbəsi ilə yekunlaşıb. Fransa 1938-ci il dünya çempionatının səkkizdəbir final mərhələsində Belçikanı 3:1 hesabı ilə məğlub edib. Belçika və Fransa yığmaları 1986-cı il mundialında 3-cü yer uğrunda görüşdə münasibətlərə aydınlıq gətiriblər. Bu qarşılaşmada fransızlar rəqibini 4:2 hesabı ilə məğlub etməyi bacarıblar.
Belçika tarixi ərzində ikinci dəfə yarımfinal oyununa çıxacaq. Komanda ilk dəfə 1958-ci və 1986-cı illərdə bu mərhələdə iştirak edib.
1958-ci ildə Fransa millisinin hücumçusu Jüst Fonten 13 qolla çempionatının bombardiri olub. O, bir çempionatda ən çox qol vuran futbolçu rekordunu bu günədək özündə saxlayır.
1998-ci il dünya çempionatının qalibi olan Fransa isə 6-cı dəfə yarımfinal matçına çıxacaq. 1958-ci, 1982-ci və 1986-cı il mundiallarında məğlub olan komanda 1998-ci və 2006-cı illərdə finala vəsiqə qazana bilib.
1930-cu ildə ilk dünya çempionatında iştirak edən dörd Avropa təmsilçisindən biri olan Fransa yığması indiyədək 14 dəfə mundiallarda yer alıb.
Heyətindəki futbolçuların qiymətinə görə çempionatın ən bahalı komandalarından olan Belçika yığması doqquz dəfə mundialda iştirak hüququ qazanıb. Belçikalıların dünya çempionatlarında ən yaxşı göstəricisi 1986-cı ildə bürünc mükafat qazanması olub.
Fransa-Belçika oyununun qalibi yarımfinal mərhələsində Xorvatiya-İngiltərə cütlüyünün qalibi ilə qarşılaşacaq.
Mundialın üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.