İDMAN
"Ocaq Sport"un İdarə Heyətinin sədri: Yarışa qatılan gimnastların sayında artım var
Bakı, 4 aprel, AZƏRTAC
“Ötən ildən fərqli olaraq, bu il yarışa qatılan gimnastların sayında artım var".
AZƏRTAC xəbər verir ki, bu sözləri "Ocaq Sport" klubunun İdarə Heyətinin sədri Vəfa Bəkərova bədii gimnastika üzrə 4-cü “Ocaq” açıq birinciliyi barədə danışarkən deyib.
O, məqsədlərinin uşaqları idmana cəlb etmək olduğunu bildirib: "Artıq hiss olunur ki, yaşı az olan uşaqlar gimnastika ilə yanaşı, digər idman növlərinə də maraq göstərirlər. İdman sağlamlıqdır. Biz də bu yolda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".
V.Bəkərovanın sözlərinə görə, gələcəkdə digər idman növləri üzrə də yarışların keçirilməsi planlaşdırılır: "Ocaq Sport" klubuna bir neçə idman növü daxildir. Burada da özümüzü inkişaf etdirmək istəyirik. Oktyabr ayında bədii gimnastika üzrə üçüncü beynəlxalq yarış baş tutacaq. İndi həmin turnir üçün ciddi hazırlıqlar görürük".
Qeyd edək ki, birincilik aprelin 6-dək davam edəcək.