Səidə Ömər: Azərbaycan xalqını tanımaq istəyən onun mədəniyyət nümunələri ilə yaxından tanış olmalıdır
İstanbul, 11 may, Günel Karatepe, AZƏRTAC
Azərbaycan İstanbulda keçirilən “Oğuz Çepni” Mədəniyyət Günlərində təmsil olunur.
AZƏRTAC xəbər verir ki, mayın 12-dək davam edəcək tədbir İstanbul Böyükşəhər Bələdiyyəsinin mədəni görüşləri çərçivəsində baş tutub.
Anadolu mədəniyyətinin təbliğ olunduğu, dostluq və birliyi təmsil edən günlər çərçivəsində baş tutan tədbirlərdə ölkəmizi İstanbul Universitetinin doktorantı, “TRT Türkü” radiosunda yayımlanan “Azərbaycan rüzgarı” proqramının müəllifi və aparıcısı Səidə Ömər təmsil edir.
Milli musiqi və rəqslərimiz haqqında iştirakçılara məlumat verən həmvətənimiz qeyd edib ki, Azərbaycan xalqını yaxından tanımaq istəyənlər dünya musiqi xəzinəsinin incisi, UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan muğamları, eləcə də xalq və bəstəkar mahnılarını dinləməlidirlər.
Tədbirin dünyanın müxtəlif bölgələrində qeyd edilən “Analar Günü” ərəfəsində keçirildiyinə diqqət çəkən Səidə Ömər Azərbaycan qadınının tarix boyu göstərdiyi cəsarəti və fədakarlığı sayəsində tanınması ilə yanaşı, həm də zəriflik nişanəsi olduğunu vurğulayıb. O, bunun Azərbaycan qadın rəqslərində ən gözəl şəkildə əks etdirildiyini deyib.
“Bizim milli rəqslərimiz igidliyi təmsil etməklə yanaşı, həm də Azərbaycan qadınına məxsus zəriflik, incəlik və gözəlliyi özündə əks etdirir” - deyə aparıcı bildirib.
Azərbaycan ədəbiyyatının müxtəlif nümunələrindən epizodları səsləndirən sənətçi “Xalabacı” rəqsini ifa edib.
Türkiyənin məşhur incəsənət xadimlərinin iştirak etdikləri tədbirdə soydaşımızın çıxışı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.