"Ritm bir dünyadır": Sumqayıt nağaraçıları yarışırlar
Sumqayıt, 29 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində "Ritm bir dünyadır" adlı nağaraçıların ritm müsabiqəsinin 1-ci turu keçirilib.
AZƏRTAC xəbər verir ki, müsabiqə Sumqayıta şəhər statusunun verilməsinin 70 illiyinə həsr olunub.
Müsabiqədə Sumqayıt Regional Mədəniyyət İdarəsinin şəbəkəsinə daxil olan 3 saylı uşaq incəsənət məktəbi, Bülbül və S.Rüstəmov adına incəsənət məktəbləri, Q.Qarayev, F.Əmirov adına musiqi məktəbləri, N.Nərimanov adına Mədəniyyət Mərkəzi, "28 May" Diyarşünaslıq Evi və "Dostluq" mədəniyyət evində təhsil alan 22 nəfər nağara ifaçısı iştirak edib. İştirakçıları müəllimlər və professional nağaraçılardan ibarət münsiflər heyəti qiymətləndirib.
Müsabiqənin 2-ci turu fevralın sonunda keçiriləcək.