İQTİSADİYYAT
ABB-Moskva Bankı Rusiya bank birliyinin mükafatlarına layiq görülmüşdür
![](/files/galleryphoto/2012/1/1200x630/140793117898574519_1200x630.jpg)
![](/files/galleryphoto/2012/1/1200x630/1407931178251282569_1200x630.jpg)
Moskva, 11 aprel (AZƏRTAC). ABB-Moskva Bankının ictimaiyyətlə əlaqələr üzrə müşaviri Azər Səfərov AZƏRTAC-a bildirmişdir ki, ABB-Moskva Rusiya Bankları Assosiasiyasının (RBA) XXIII qurultayında iştirak etmiş və “Rusiya bank sisteminin inkişafına kömək göstərdiyinə görə” fəxri diplomu ilə təltif edilmişdir. Bankın İdarə Heyətinin sədri Fuad Abdullayev “Bank birliyi qarşısında xidmətlərinə görə” fəxri döş nişanına layiq görülmüşdür.
Bu il Rusiyanın ən böyük bank forumlarından birində 900 nəfərdən çox nümayəndə iştirak etmişdir. Onların arasında bank birliyinin, RF hökumətinin, federal məclisin, nazirliklərin və baş idarələrin rəhbərləri və əməkdaşları, Rusiyanın və xarici ölkələrin işgüzar dairələrinin nümayəndələri olmuşdur.
XXIII qurultayın əsas mövzusu “Qlobal maliyyə burulğanı şəraitində Rusiyanın iqtisadi inkişafının təmin olunmasında bankların rolunun artırılması” olmuşdur. Əsas məruzənin və eyni zamanda qurultayda diskussiya mövzusu daha yığcam şəkildə ifadə edilmişdir: “Rusiyanın iqtisadi inkişafının təmin olunmasında bankların rolunun artırılması”.
Bu il Rəyasət Heyətinin üzvləri arasında “ABB-Moskva” Bankı İdarə Heyətinin sədri Fuad Abdullayev nümayəndələr və qonaqlar qarşısında məruzə etmişdir. İqtisadi inkişafın sürətləndirilməsi amili kimi bank sistemlərinin müştərək səmərəli fəaliyyətinə həsr olunmuş məruzəsində Fuad Abdullayev auditoriyanın diqqətini bank sistemlərinin inteqrasiya prosesləri yolunda duran bir sıra aktual məsələlərə yönəltmiş və bildirmişdir ki, gələcəkdə onların səmərəli birgə fəaliyyəti Rusiya iqtisadiyyatının inkişafına müsbət təsir göstərəcəkdir.
Rusiya Bankları Assosiasiyasının XXIII qurultayı forum iştirakçılarının və qonaqların təltif olunması proqramı ilə başa çatmışdır. Təltif olunanlar arasında ölkənin “VTB 24” Bankı, “Rosselxozbank”, “Alfa bank”və s. kimi aparıcı kredit-maliyyə təşkilatları ilə yanaşı, Rusiyanın “Ekspress Volqa bank”, “Avtoqrad bank” və s. kimi orta səviyyəli bankları da olmuşdur.
Yubiley şərəfinə və əmək nailiyyətlərinə görə “ABB-Moskva” Bankı RBA adından “Rusiya bank sisteminin inkişafına kömək göstərdiyinə görə və yaradılmasının 10 illiyi münasibətilə” fəxri diplomu ilə təltif edilmişdir. “ABB-Moskva” Bankı İdarə Heyətinin sədri Fuad Abdullayev kredit-maliyyə təşkilatına bacarıqlı və səmərəli rəhbərliyinə görə həm də “Bank birliyi qarşısında xidmətlərinə görə” fəxri döş nişanı ilə təltif edilmişdir.