İQTİSADİYYAT
Azərbaycanın və regionun əsas startap innovasiya tədbiri olan “Baku ID” innovasiya festivalı işə başlayıb VİDEO
Bakı, 27 iyun, AZƏRTAC
Bu gün "Bakı Kristal Zal”da SABAH.HUB İnnovasiya Mərkəzinin dəstəyi ilə yaradılmış Azərbaycanın və regionun əsas startap innovasiya tədbiri olan “Baku ID” innovasiya festivalı keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirin açılışında çıxış edən SABAH.HUB-ın Baş icraçı direktoru Rəhim Bayramlı builki “Baku ID” tədbirində 200-dən artıq yerli və xarici investorun, 100-dən çox xarici və yerli startapın, 5000 iştirakçı və 50-dən artıq tərəfdaşın yer alacağını bildirib.
Rəhim Bayramlı diqqətə çatdırıb ki, bu il SABAH.HUB, həmçinin vençur fondunu yaradır. "SABAH.HUB-dan olan startapların son iki il ərzində yerli və regional investorlardan 4 milyon dollardan çox vəsait topladığını elan etməkdən çox məmnunam. Yaxın iki gündə, artıq elan olunduğu kimi, bu məbləğ ən azı daha 2 milyon dollar artacaq. Bu, yaxşı başlanğıcdır, lakin səyahətimizin yalnız əvvəlidir. Mən 25 milyon dollar dəyərində öz vençur kapital fondumuzun yaradılmasını elan etməkdən qürur duyuram. SABAH.fund Cənubi Qafqaz və Mərkəzi Asiya, böyük qlobal ambisiyaları olan regionlardakı şirkətlərə sərmayə qoyaraq, startap maliyyələşdirməsini növbəti səviyyəyə qaldıracaq. Bu hadisə üçün ilk çekimizi yaxın 48 saat ərzində verməyi planlaşdırırıq”, - deyə o bildirib.
“Baku ID”nin baş sponsorları Elm və Təhsil Nazirliyi, SOCAR, “PAŞA Holding”, ABB və “Mappable”, tərəfdaşlar isə 4SİM və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyidir (IDDA). AZƏRTAC tədbirin media tərəfdaşı olaraq informasiya dəstəyi göstərir.