Agentliyin əməkdaşı: Məqsədimiz ukraynalı uşaqların emosional vəziyyətlərinin sabitləşməsinə kömək göstərməkdir
Şəki, 26 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Əvvəllər də Ukraynadakı müharibədən əziyyət çəkmiş uşaqların Azərbaycana səfərləri təşkil edilib və onlar müxtəlif reabilitasiya proqramlarına cəlb ediliblər. Belə səfərlərin məqsədi həmin uşaqların emosional vəziyyətlərinin sabitləşməsinə, eyni zamanda, onların cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərməkdir.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin əməkdaşı Sərvər Abdullayev söyləyib.
Qurumun rəsmisi bildirib ki, Agentliyin təşkilatçılığı ilə bu dəfə 30 nəfərdən ibarət daha bir qrup ölkəmizə səfər edib. Onlar Bakı, Qəbələ və Şəkinin müxtəlif görməli və tarixi yerləri ilə tanış olublar. “Belə səfərlərdə uşaqlara həm ölkəmizin tarixi məkanları, görməli yerləri barədə məlumat verilir, eyni zamanda, onlar müxtəlif qrup terapiyalarına, eləcə də meditasiya və yoqa məşğələlərinə, digər ustad dərslərinə cəlb edilirlər”,- deyə Agentliyin əməkdaşı vurğulayıb.